Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi Birgə Bəyanat yaydı
Mədəniyyət
10.07.2024 20:35
Mədəniyyət Nazirliyi Azərbaycan
Respublikasının Əqli Mülkiyyət Agentliyi ilə birgə Azərbaycan bəstəkarı Bəhram
Nəsibovun “Qarabağ” adlı əsərinin musiqisinin qanunsuz mənimsənilməsi və müəlliflik
hüququnun digər şəkildə pozulması ilə bağlı bəyanat yayıb.
TodayPress xəbər verir ki, bəyanatda deyilir:
“Azərbaycana məxsus müəllif əsərlərinin
və folklorun ermənilər tərəfindən oğurlanaraq mənimsənilməsi halları davam etməkdədir.
Növbəti belə hal sözləri və musiqisi tanınmış Azərbaycan bəstəkarı Bəhram Nəsibova
məxsus olan “Qarabağ” (“Anadır arzulara hər zaman Qarabağ”) adlı əsərin Gor
Yepremyan tərəfindən sözləri dəyişdirilməklə ifa edilərək “Sirun jan” adı
altında, videonun təsvirində “Armenian Folk”, yəni “erməni xalq mahnısı” qeydi
ilə yutub platformasında yerləşdirilməsidir. Üzeyir Hacıbəylinin əsərlərinin
ermənilər tərəfindən mənimsənilməsi ilə əlaqədar olduğu kimi, həmin plagiat
haqlı olaraq Azərbaycan cəmiyyətində geniş rezonans doğurmuşdur və Azərbaycan
Respublikasının Əqli Mülkiyyət Agentliyi iyulun 9-da buna dair geniş şərh
vermişdir.
Qeyd edilənlərlə bağlı, Azərbaycan
Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Əqli Mülkiyyət
Agentliyi aşağıdakıları bəyan edir:
1.Sözləri və musiqisi Azərbaycan
bəstəkarı Bəhram Nəsibova məxsus olan “Qarabağ” əsəri (“Əsər”) XX əsrdə
yaradılmış və ilk dəfə Xalq artisti Arif Babayev tərəfindən 1972-ci ildə ifa
edilmişdir.
2.Əsər 1972-ci il iyunun 2-də
SSRİ qanunvericiliyinə uyğun olaraq Əqli Mülkiyyət Agentliyinin hüquqi sələfi
olan Ümumittifaq Müəllif Hüquqları Agentliyinin Azərbaycan Şöbəsində qeydə
alınmışdır. 1998-ci ildə dünyasını dəyişmiş Bəhram Nəsibovun vərəsələri onun
mahnı janrında yazılmış bir çox əsərlərini, o cümlədən Əsəri 2004-cü il iyulun
14-də Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyində (Əqli Mülkiyyət
Agentliyinin hüquqi sələfi) dövlət qeydiyyatından keçirmiş, onlara Agentlik tərəfindən
Əsərin qeydiyyatı haqqında 662 nömrəli şəhadətnamə verilmişdir.
3.Əsər Bəhram Nəsibovun ən məşhur
mahnılarından biridir, dəfələrlə Azərbaycan, Türkiyə, Özbəkistan və digər ölkələrdə
kütləvi ifa edilmiş, həmin kütləvi ifaların çoxlu sayda video və audio yazıları
mövcuddur.
4.Əsərin Azərbaycanda dövlət
qeydiyyatı sənədləri, müxtəlif daşıyıcılarda olan nüsxələri və kütləvi ifaları
zamanı Bəhram Nəsibovun müəllifliyinə aid əsər kimi tanınması Bəhram Nəsibovun
mahnının yeganə müəllifi olmasının sübutudur.
5.Əsərdən istifadə Bəhram Nəsibovun
vərəsələrinin razılığı ilə və həmin razılıqda qeyd edilən həcmdə, onun müəllifliyi
göstərilməklə mümkündür. “Sirun jan” adlı yutub videosunun təsviri hissəsindən
və məzmunundan göründüyü kimi, Bəhram Nəsibov müəllif kimi qeyd edilməyib, əksinə,
qanunsuz ifa edilmiş əsər “erməni xalq mahnısı” olaraq yutub platformasına yerləşdirilmişdir.
6.Əsərin qeydiyyat sənədlərindən
və kütləvi ifa tarixçəsindən çıxış edərək, Azərbaycan Respublikasının Mədəniyyət
Nazirliyi və Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi bu halı birmənalı
olaraq əsərin tərkib hissəsi olan musiqinin plagiatı kimi qiymətləndirir.
7.Plagiatın əlavə sübutu
olaraq həm əsər (bir neçə fərqli ifada), həm “Sirun jan” videosu oxşarlığın müəyyən
edilməsi məqsədilə Əqli Mülkiyyət Agentliyinin ekspertlərinə təqdim edilmişdir.
Ekspert qismində Xalq artistləri, bəstəkarlar Faiq Sücəddinov və Eldar Mansurov
çıxış etmiş və apardıqları araşdırmanın nəticəsi olaraq müəyyən etmişlər ki,
erməni ifaçının səsləndirdiyi “Sirun jan” adlı mahnının musiqisi Bəhram Nəsibovun
muğamın “Çahargah” ladında yazdığı “Qarabağ” əsərinin musiqisi ilə tam üst-üstə
düşür, eynidir. Bundan əlavə, əsərin orijinal “Qarabağ” adı “Sirun jan” adına,
“Anadır arzulara hər zaman Qarabağ” cümlələri də daxil olan Azərbaycan dilindəki
mətni isə erməni dilində yeni mətnə dəyişdirilərək əsər təhrif edilmişdir.
8.Beləliklə, mahnı təhrif
edilməyə məruz qalmış, onun tərkib hissəsi olan musiqi barəsində plagiatçılıq
törədilmişdir. Bununla da, ifaçı Gor Yepremyan və əsərin qanunsuz ifasında, həmin
ifanın lentə alınıb internetdə yerləşdirilməsində iştirak etmiş şəxslər Bəhram
Nəsibovun şəxsi müəlliflik hüquqlarını və onun varislərinin əmlak hüquqlarını
pozmuşdur. Müəlliflik hüququnun qeyd edilən pozulması halı ilk növbədə
pozuntunu törətmiş Gor Yepremyanın və digər şəxslərin hüquqi məsuliyyətini
yaratmışdır.
9.Qeyd edilən pozuntu faktını
araşdırmadıqda və aradan qaldırmadıqda, Ermənistan Respublikasının üzvü olduğu
“Ədəbi və bədii əsərlərin qorunması haqqında” Bern konvensiyasının 5-ci maddəsində
təsbit edilmiş təməl prinsiplərindən biri olan “milli rejim” prinsipini və tərəf
olduğu digər beynəlxalq müqavilələrin, o cümlədən Ümumdünya Əqli Mülkiyyət Təşkilatını
(ÜƏMT) təsis edən Konvensiyanın, ÜƏMT-nin Müəlliflik Hüququna dair Müqaviləsinin
və İfalar və Fonoqramlara dair Müqaviləsinin müddəalarını pozmuş olacağını
bildiririk.
Bununla əlaqədar, Ermənistan Respublikasının müvafiq strukturlarından Azərbaycan bəstəkarı Bəhram Nəsibovun “Qarabağ” əsərinin Gor Yepremyan tərəfindən sözləri dəyişdirilməklə “Sirun jan” adı altında erməni xalq mahnısı kimi kütləvi ifa və təqdim edilməsi və plagiatçılıq hallarının aradan qaldırılmasını, Bəhram Nəsibovun müəlliflik hüquqlarının bərpa edilməsini, beynəlxalq hüquqa və milli qanunvericiliyə uyğun olaraq pozuntunu törətmiş şəxsləri məsuliyyətə cəlb etməyi və görülmüş tədbirlər barədə məlumat verməyi tələb edirik”.
tag: Birgə Bəyanat, Mədəniyyət Nazirliyi, Qarabağ, Bəhram Nəsibov, todaypress.az,