“Leyli və Məcnun”un Nofəli vəfat etdi

Mədəniyyət

26.10.2024 10:04

Xalq artisti, opera ifaçısı, Prezident təqaüdçüsü Şahlar Quliyev vəfat edib.

TodayPress xəbər verir ki, bu barədə onun oğlu, aktyor Nofəl Şahlaroğlu "Instagram" hesabında məlumat verib.

"Allah sənə rəhmət etsin, ay ata. Bağışla, səni qoruya bilmədim. Görüşərik…" deyə aktyor yazıb.

Qeyd edək ki, Ş.Quliyev 25 sentyabr 1946-cı ildə Cəlilabad rayonunda anadan olub. İlk təhsilini elə orada alıb. 1964-1969-cu illərdə indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində musiqili komediya aktyorluğu fakültəsində oxuyub. Daha sonra Şahlar Quliyev indiki Bakı Musiqi Akademiyasına daxil olub. 1973-cü ildə həmin təhsil müəssisəsini bitirdikdən sonra o, burada 2 il Şövkət Məmmədova adına Opera studiyasında, 1975-ci ildən başlayaraq isə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında solist kimi çalışıb.

O, “Leyli və Məcnun”da Nofəl, “Şah İsmayıl”da Aslan şah, “Aşıq Qərib”də Şahvələd, “Sevil”də Atakişi, “Arşın mal alan”da Süleyman, “Koroğlu”da Həsən xan, “Aida”da Amonasro, “Karmen”də Eskamilio, “Payatsı”da Tonio, “Bohema”da Şonar rollarını canlandırıb. Bundan əlavə, o, 2000-ci ildə çəkilən “Qız qalası” və 2007-ci ildə lentə alınan “Bəylik dərsi” filmlərində rol alıb. 1991-ci ildə Əməkdar artist, 2005-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görulüb.

tag: Leyli Mecnun, Aşıq Qərib, Şahlar Quliyev , Xalq Artisti, Vəfat, todaypress.az,