Leyla Əliyeva Bəhreyn rəssamlarının sərgisinə qatıldı
Mədəniyyət
31.08.2024 00:46
Avqustun 30-da Bakıda
Bəhreyndə fəaliyyət göstərən RAK İncəsənət Fondunun rəssamlarının əsərlərindən
ibarət sərgi açılıb.
TodayPress xəbər verir ki, tədbirdə
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Azərbaycan Prezidentinin
köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov iştirak
ediblər.
Sərginin
açılışında çıxış edən RAK İncəsənət Fondunun təsisçisi, görkəmli bəhreynli
rəssam və kolleksiyaçı Raşid Al Xalifa bəhreynli rəssamların tükənməz
istedadlarını Azərbaycandakı sənətsevərlərlə bölüşmələrindən məmnunluğunu ifadə
edib. O qeyd edib ki, RAK İncəsənət Fondu beynəlxalq tərəfdaşlığı və qarşılıqlı
anlaşmanı təşviq edir.
Raşid Al Xalifa
bildirib ki, əməkdaşlıqda məqsəd bəhreynli sənətkarların zəngin qobelenlərini
Bakının canlı və rəngarəng incəsənət səhnəsinə təqdim etməkdir.
Sonra çıxış
edən “Azərxalça” ASC-nin sədri Emin Məmmədov deyib ki, rəssam Raşid Al Xalifa
və RAK İncəsənət Fondu ilə əməkdaşlıq incəsənətin, beynəlxalq dostluğun və
mədəni anlaşmanın daha geniş təşəkkül tapdığını əks etdirir.
“Bəhreynin
müasir incəsənət nümunələrinin ümumi mənzərəsinin Bakıda canlandırılmasından
məmnunluq duyuram. İnanıram ki, bu, ölkələrimiz arasında tərəfdaşlıq
imkanlarının daha da genişlənməsinə gətirib çıxaracaq”.
Qeyd edək ki,
bundan əvvəl Heydər Əliyev Mərkəzində Raşid Al Xalifanın bir neçə sərgisi
təşkil olunub.
tag: Sərgi, Leyla Əliyeva, İncəsənət, Mədəniyyət, todaypress.az,