Kukla Teatrı bayram günlərində balaca tamaşaçılarını sevindirir – FOTOLAR

Mədəniyyət

02.01.2025 16:54

Azərbaycan Dövlət Kukla Teatrı hər il olduğu kimi  qarşıdakı bayram günlərində də balaca tamaşaçılarının əyləncəsi üçün əlindən gələni edib.

Teatrdan TodayPress-ə verilən məlumata görə,  yaradıcı heyət bu dəfə uşaqlara qoşularaq “Şaxta Baba haradadır?” sualına cavab tapmağa çalışıb.

Balacaların ixtiyarına verilən səhnə işinin hər gün 4 seans olmaqla (12, 14, 16 və 18:00) 5 yanvar 2025-ci il tarixinədək nümayişi nəzərdə tutulub. 

Birhissəli uşaq tamaşasının (azərbaycan dilində) səhnələşdirəni və quruluşçu rejissoru Saida Haqverdiyeva, quruluşçu rəssamı İqbal Əliyevdir.   

Tamaşada personajları (kukla və canlı plan olmaqla) teatrın aktyorları Aygül Ağayeva, Səriyyə Mansurova, Cavid Telman, Elnur Xəlilov, Araz Həsənli, Elxan İsmayılov, Könül Nəsibova, Vüqar İsmayılov, Səbinə Məmmədova canlandırıblar. 

Musiqi tərtibatlı tamaşanın əsas ideyası uşaqları nağıllar aləminə aparmaqla onların bu sehr dolu dünya ilə təmasına nail olmaqdır.   

Səhnə əsərində cərəyan edən hadisələr ümumilikdə əyləncəli məzmun kəsb etsə də, burada əsas mahiyyət balaca tamaşaçılara  xeyirxahlıq, dürüstlük, özünə inam və ətrafa sevgi aşılamaqla onları bəd əməllərdən, pislik və paxıllıqdan uzaq saxlamaqdır.   

Bir saatlıq səhnə işində milli və dünya klassik nağıl qəhrəmanları, az qala hamımıza tanış personajlar bir səhnədə toplaşaraq şənliyə gedərkən yolunu itirib, sıx meşənin dərinliklərində azan Şaxta Babanı axtarırlar.  Arabir bu işə tamaşaçıları da sövq edirlər. 

Macəra dolu tamaşada hadisələr komik və həyəcan dolu anların uğurlu səhnə həlli ilə davam edir. 

Xatırladaq ki, dekabrın 27-də Azərbaycan Dövlət Kukla Teatrında  sənət ocağının həssas qruplardan olan uşaqlara bayram sovqatı “Şaxta Baba haradadır?” tamaşasının premyerası olub. Belə ki, hər il olduğu kimi,  bu il də premyeranın ilk qonaqları Vətən müharibəsi şəhid və qazilərinin övladları, eləcə də əlilliyi olan uşaqlar olub. Onlar əvvəlcə kuklaçıların Müstəqil “Oyuq” Uşaq Teatrı yetirmələri ilə birgə oyunun məhsulu olan tamaşaya baxıblar, ardınca bayram hədiyyələrini alıblar.

Günəş Mərd

tag: Kukla Teatrı, Komik ,Həyəcan ,Şaxta Baba ,todaypress.az,

photo
photo
photo