Kinoşünas: “Azərbaycan kinosu 2024-cü ildə məhsuldar olmadı”
Mədəniyyət
03.01.2025 15:43
“Azərbaycan kinosu üçün 2024-cü ili məhsuldar saymaq olmaz”.
Kinoşünas Hacı Səfərov bunu TodayPress-ə danışarkən bildirib.
Onun sözlərinə görə, bunun səbəblərindən biri də 2024-cü ildə dövlət tərəfindən maliyyələşən tammetrajlı bədii filmin ekranlara çıxmaması olub:
“Tamaşaçılar əksər vaxtlarda bədii filmlər gözləyirlər. Ona görə də onların nəzərində tammetrajlı filmlər çox vacibdir. Hərçənd rejissor Azər Quliyevin "Sanki yoxsan" qısametrajlı filmi Kann Film Festivalının müsabiqəsinə seçildi. Bu, Azərbaycan kinosu üçün uğurdur, ancaq həmin filmdə dövlət maliyyəsi yoxdur. Eyni zamanda rejissor Orxan Ağazadənin "Kinomexanikin qayıdışı" filmi də nümayiş olundu və beynəlxalq arenada uğur qazandı. Ancaq o filmin ümumiyyətlə istehsalçılarına baxdığımızda Fransa və Almaniyanın adını görürük”.
Kinoşünas ötən il nümayiş olunan digər filmlərə də diqqət çəkib:
“Həmçinin 2024-cü ildə "Tağıyev" filmi nümayiş olundu. Ən sonuncu nümayiş olunan "Atabəylər" filmi isə əvvəlcə serial kimi düşünülmüşdü, sonra film kimi nümayiş edildi. Bu filmin bədii keyfiyyətləri aşağı idi və yuxarıda adını sadaladığım filmlərdən xeyli geri qalır. Bu il bəzi filmlər istehsala buraxıldı və ümid var ki, onlar gələn il göstəriləcək. Ümidlərimizin boşa çıxmamağını arzulayıram”.
Günəş Mərd
tag: Kinoşünas, Malliyələşmə ,Məhsuldar ,Ekran, Hacı Səfərov ,todaypress.az,