“Kinoda Maştağanın adı çəkilsə idi, onların başına oyun açardılar" - Xalq artisti "Ayıq sürücü" filmindən danışdı
"Kinonu çəkənlər yaxşı qurtarıblar. Onu Maştağada çəksə idilər, sonu yaxşı olmazdı".
Xalq artisti, kinorejissor Şeyx Əbdül Mahmudbəyov ictimai qınağa səbəb olan "Ayıq sürücü" filmi barədə TodayPress-ə danışarkən bildirib.
O, hesab edir ki, Azərbaycanın heç bir ərazisinin adı etikadan kənar ifadələrlə yanaşı işlənməməlidir:
"Azərbaycanın hər bir ərazisi və orada yaşayan insanlar çətin dövrlərdən keçiblər. Onlara heç kim dil uzada bilməz. İndi məşhur olmaq istəyənlərin hamısı kinoya can atır. Bu cür kinolarla Azərbaycan film sahəsinin də adını batırıblar. Buzovna cammatı üzüyola, sakit insanlardır. Məsələni dillə həll ediblər. Kinoda Maştağanın adı çəkilsə idi, onlar kino müəlliflərinin başına oyun açardılar".
Qeyd edək ki, "YouTube"da yayımlanan, ssenarisi Əli Ucala aid olan "Ayıq sürücü" filmi Buzovna sakinlərinin narazılığına səbəb olub.
Sakinlər iddia ediblər ki, filmdə Buzovnada yaşayan qadın əxlaqsız kimi təqdim edilib.
Həm sakinlərin narazılığı, həm də sosial şəbəkələrdəki etirazlardan sonra filmin yaradıcı heyəti buzovnalı ağsaqqallarla görüşüb və filmdən Buzovna qəsəbəsinin adı çıxarılıb.
Türkan İsgəndərli
tag: Şeyx Əbdül Mahmudbəyov,Xalq artisti,kinorejissor,Ayıq sürücü,Film,Todaypress.az,