İsveç telekanalı Ağdamla bağlı film çəkdi
Mədəniyyət
01.09.2024 04:56
İsveçin “Kunskapskanalen” telekanalı
Birinci Qarabağ müharibəsindən sonra Ermənistanın işğalı zamanı dağıdılmış
Ağdamla bağlı film çəkib.
TodayPress xəbər verir ki, filmin əvvəlində bir
vaxtlar regionun müasir və mütərəqqi mədəniyyət mərkəzi olan, sonradan “barıt
çəlləyinə” çevrilərək tez bir zamanda kabus şəhərə bənzəyən Ağdamdan bəhs
olunur.
"Azərbaycanda Qafqaz dağlarının kölgəsində qaranlıq
keçmişi olan kabus şəhər yerləşir. Yaşıl ağacların arasında yüzlərlə dağıdılmış
binanın xarabalıqları var. Bu, fəlakət filmindəki səhnəyə bənzəyən qorxunc bir
mənzərədir. Yollar və küçələr boşdur, heç yerdə insan yoxdur" filmdəki
kadrarxası səs şəhərin indiki vəziyyətini belə təsvir edir.
Kimya mühəndisi Ceyqa Vays, yazıçı və tarixçi Dominik
Selvud, eləcə də yazıçı və jurnalist Cim Meyds 1870-ci ildə tikilən, bir neçə
silahlı münaqişədən zərər çəkməmiş çıxan və erməni əsgərləri tərəfindən
artilleriya atəşini istiqamətləndirmək üçün gözətçi qülləsi kimi istifadə
edilən məscidin hekayəsindən bəhs edirlər.
Filmdə həmçinin regionda həyatın tam canlanmasına mane
olan mina probleminin miqyasından da bəhs edilir.
“Bu gün mina təhlükəsi səbəbindən yalnız əsas yollarla
hərəkət etmək mümkündür. Əgər marşrutu dəyişdirmək istəyirsinizsə, əvvəlcə
istehkamçılar ərazini yoxlamalıdırlar. Bu bölgədə bir vaxtlar yüz minlərlə mina
basdırılmışdı” süjetdə bildirilir.
Filmin sonunda 2021-ci ilin mayında Baş planı təsdiqlənən
şəhərin dirçəldilməsi barədə danışılır. Qeyd olunur ki, şəhərdə 100 min sakin
yaşayacaq və şəhərin həyata dönməsi üçün ümid simvoluna çevrilmiş “Ağdam”
futbol klubu yenidən burada çıxış edəcək.
"Ağdamdan demək olar ki, heç nə qalmayıb, amma bu
qırğından heyrətamiz bir şey xilas olaraq onun gələcəyinə ümid verib - bu,
şəhərin futbol komandasıdır. Bu yerlə bağlı klubun hələ də mövcud olması
şəhərin yenidən həyata qayıdacağına ümid verir” sonda bildirilir.
tag: Ağdam, Film,İsveç,Cim Meyds,todaypress.az,