“İki Yüz İllik Gizli Tarix” sənədli filmi ictimaiyyətə təqdim olunur
Azərbaycan Bəhai İcmasının tarixi inkişaf mərhələlərini və bu prosesdə iştirak etmiş şəxslərin hekayələrini əks etdirən “İki Yüz İllik Gizli Tarix” sənədli filmi geniş ictimaiyyətin diqqətinə təqdim olunur.
Bu barədə TodayPress-ə Milli Kino Mərkəzindən məlumat verilib.
Film 2 may 2025-ci il saat 19:00-da Nizami Kino Mərkəzində baş tutacaq rəsmi təqdimatla nümayiş etdiriləcək.
Kinorejissor Kamalə Musazadənin müəllifi olduğu tammetrajlı sənədli film Azərbaycan Bəhai icmasının keçdiyi çətin, lakin ilhamverici tarixi yolu əks etdirir.
Film yalnız faktların sadə xronologiyasını deyil, həm də həmin dövrlərdə yaşamış fərdlərin şəxsi hekayələri vasitəsilə cəmiyyətin yaddaşına hopmuş hadisələri tamaşaçılara çatdırır.
Bu, təkcə bir icmanın tarixi deyil, həm də Azərbaycan cəmiyyətində baş vermiş bir sıra mühüm tarixi, sosial və mənəvi proseslərə güzgü tutur.
Filmdə xüsusilə vurğulanan məqamlardan biri də odur ki, Azərbaycanda maarifçilik hərəkatının aparıcı simalarının, həmçinin Hüseyn Cavidin, Mirzə Ələkbər Sabirin, Cəfər Cabbarlının, Əbdülxaliq Yüsifzadənin, Musa Nağıyevin, Əli Əkbər Naxçıvaninin, Əzizə Cəfərzadənin bəhai dini ilə olan münasibətlərinə də yer verilib.
Bundan əlavə Arazın o tayında – Güney Azərbaycanda ilk dəfə 1848-ci ildə çadrasını atan tarixi şəxsiyyət, qadın hüquqlarının müdafiəçisi, şairə xanım Tahirə Qürrətüleyn Zərrintac haqqında da qiymətli məlumatlar öz əksini tapıb.
Bu, sənədli filmi yalnız dini-mədəni kontekstdə deyil, həm də ədəbiyyat və maarifçilik baxımından dəyərli bir mənbəyə çevirir.
Xüsusilə, yazıçı Əzizə Cəfərzadənin xatirələri və Bəhai dini haqqında yazdığı iki sənədli romanı haqqında düşüncələri filmin emosional dərinliyini və tarixi orijinallığını artıran mühüm elementlərdəndir.
Layihə Azərbaycan Bəhai İcması ilə yanaşı, Milli Kino Mərkəzinin (MKM PRODUCTION) birgə əməkdaşlığı çərçivəsində ərsəyə gətirilib.
Film, müharibə və münaqişə ilə dolu bir dünyada insanlığın dünya sülhü barədə arzularının sönməz olduğunu göstərir.
Belə ki, Azərbaycandan bəşəriyyətə sülh çağırışı filmdə qırmızı xətt kimi keçir və bu, kinematoqrafik dil ilə özünəməxsus həllini tapmışdır.
“İki Yüz İllik Gizli Tarix” sənədli filminin ilk təqdimat mərasimi geniş ictimaiyyətə açıqdır və Azərbaycanın mənəvi irsi, mədəni müxtəlifliyi və tarixi haqqında dərin düşüncələr oyadacaq bir sənət hadisəsi kimi qiymətləndirilir.
tag: İki Yüz İllik Gizli Tarix,Sənədli Film,Təqdimat,Mədəniyyət,Todaypress.az,