“İki ildir finala çıxa bilmirik”: Gövhər Həsənzadə “Avroviziya”dan danışdı

Mədəniyyət

07.05.2025 16:50

171

Avropa bukmeykerlərinin “Avroviziya 2025” mahnı müsabiqəsi üçün ilkin proqnozları artıq açıqlanıb. Təəssüf ki, bu siyahıda Azərbaycanı təmsil edən “Mamagama” qrupu və onların ifa etdiyi “Run with u” mahnısı favoritlər sırasında yer almayıb. Proqnozlara görə, mahnının qalib gələcəyinə inananların sayı 1 faizdən də aşağıdır. Bu isə ölkənin son illərdə bu beynəlxalq yarışmadakı uğursuzluq zolağının davam edəcəyini göstərir.

Məsələ ilə bağlı TodayPress-ə danışan bəstəkar, Azərbaycanın Əməkdar incəsənət xadimi Gövhər Həsənzadə bildirib ki, bukmeykerlərin proqnozu hər zaman tamaşaçı rəyi ilə üst-üstə düşmür:

“Heç vaxt dəqiq bilmək mümkün deyil ki, Avropa tamaşaçısı nəyi bəyənəcək. Amma bugünkü nəticəyə əsasən danışsaq, deyə bilərəm ki, Avropa auditoriyası artıq avropasayağı musiqi yox, fərqli, orijinal estrada janrında ifaları seçir. Xüsusilə də milli çalarlar maraq doğurur. Xoşbəxtlikdən, Azərbaycanda belə çalarlar çoxdur. Amma əsas məsələ onların necə təqdim olunmasıdır. Musiqini təqdim edənlər, yəni bəstəkar, ifaçı, etnik musiqi biliciləri - hamısı yüksək peşəkarlıq nümayiş etdirməlidirlər”.

O, günümüzdə süni intellektin artan rolunu da nəzərə alaraq, bu tip texnoloji vasitələrin orijinallığın yerini tuta bilməyəcəyini deyib.

Çünki əsl sənət canlı düşüncə və emosional bilik tələb edir.  Son illərdə “Avroviziya”da ardıcıl uğursuz çıxışlarımızı dəyərləndirən bəstəkar, məsələyə daha realist yanaşmağı təklif edib.

Onun fikrincə, artıq uğur yalnız qələbə ilə deyil, final mərhələsinə keçidlə ölçülməlidir: 

“İki ildir finala çıxa bilmirik. Bu da musiqiçilərimizə əlavə psixoloji təzyiq yaradır. Əgər bu il finala keçə bilsələr, bu da böyük nailiyyət sayılmalıdır. Onların üzərinə gedib əsassız tələblər qoymaq doğru deyil. Əsas odur ki, ölkəmiz layiqli şəkildə təmsil olunsun”.

Sonda bəstəkar “Mamagama” qrupuna uğurlar arzulayıb və ümidvar olduğunu bildirib ki, bu il Azərbaycan Avroviziya səhnəsində yenidən öz yerini tapacaq:

“Avropa avropasayağı mahnıya maraq göstərsə, şansımız yaranacaq. Amma nə olursa olsun, Azərbaycan öndə olmalıdır. İstəyirəm ki, qələbə qazanaq. Bu qələbə sadəcə birinci yer deyil, finala qədər yüksəlmək də bizim üçün uğurdur”.   

Qeyd edək ki, 69-cu Avroviziya mahnı müsabiqəsinin yarımfinal mərhələləri 13 və 15 mayda, final mərhələsi isə 17 mayda keçiriləcək.Azərbaycan müsabiqənin ilk yarımfinalında 10 nömrə altında çıxış edəcək. Ölkəmizi yarışmada “Mamagama” qrupu təmsil edəcək. 

Töhfə Səməd

tag: Gövhər Həsənzadə,Əməkdar Xadim,Avroviziya,Müsabiqə,Todaypress.az,