IDEA və “Clean Air Fund” tərəfindən panel müzakirələri təşkil olundu
Mədəniyyət
15.11.2024 23:49
IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə
Beynəlxalq Dialoq) İctimai Birliyi və “Clean Air Fund” (CAF) təşkilatının
tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının
Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycan
pavilyonunda “Təmiz havanın uşaq və yeni doğulan körpələrin sağlamlığı üçün
əhəmiyyəti” mövzusunda panel müzakirəsi təşkil edilib.
TodayPress xəbər verir ki, tədbirin açılışında çıxış
edən Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi
və rəhbəri Leyla Əliyeva aparılacaq müzakirələrin uşaqların rifahına verə
biləcəyi töhfəni qeyd edib.
Hava çirklənməsi probleminin nəticəsi olaraq hər il
milyonlarla insanın həyatını itirdiyini vurğulayan Leyla Əliyeva qeyd edib ki,
adıçəkilən problemin aradan qaldırılması üçün qlobal həmrəylik və dayanıqlı
texnologiyalardan istifadə əhəmiyyətli rol oynayır.
Sonra Leyla Əliyeva Azərbaycan Respublikası tərəfindən
görülən tədbirlər, o cümlədən dayanıqlı ictimai nəqliyyat vasitələri, hibrid və
elektroavtomobillərdən istifadənin genişləndirilməsi istiqamətində atılan
addımlar barədə tədbir iştirakçılarına məlumat verib.
IDEA İctimai Birliyi tərəfindən həyata keçirilən müxtəlif
layihə və tədbirlər barədə də danışan Leyla Əliyeva ötən 13 il ərzində
təşkilatın təşəbbüsü ilə 5 milyondan çox ağacın əkildiyini qeyd edib. Bununla
bərabər, “Məktəb bağları” layihəsi çərçivəsində Bakı şəhəri və bölgələrdə
yerləşən 300 məktəbin həyətində 20 mindən çox ağacın əkildiyi panel
müzakirələri iştirakçılarının diqqətinə çatdırılıb.
Qeyd edək ki, tədbirdə, həmçinin Azərbaycanın səhiyyə
naziri Teymur Musayev, CAF-ın baş icraçı direktoru Jane Burston, BMT-nin Uşaq
Fondunun (UNICEF) Sağlam Uşaqlar üçün Sağlam Ətraf Mühit Qlobal Proqramının
rəhbəri Abheet Solomon, Botnar Fondunun vitse-prezidenti, “Partnership for
Maternal, Newborn & Child Health” təşkilatının İdarə heyətinin üzvü Flavia
Bustreo və gənc ətraf mühit fəalı Francisco Vera iştirak ediblər.
tag: Leyla Əliyeva, Vitse-Prezident, İDEA,Clean Air Fund, todaypress.az,