Heydər Əliyev Mərkəzində MAMA “Ana təbiət” beynəlxalq incəsənət layihəsi və “Öz töhfəni ver!” sərgisi açıldı - FOTO
Mədəniyyət
15.11.2024 10:33
Noyabrın 14-də Heydər Əliyev Mərkəzində ətraf mühitin qorunmasına çağırış edən MAMA “Ana təbiət” (Mother Nature) beynəlxalq incəsənət layihəsi və “Öz töhfəni ver!” (Participate!) sərgisinin açılış mərasimi keçirilib.
TodayPress xəbər verir ki, sərgilərin açılışında Heydər Əliyev Fondunun vitse-prezidenti, “IDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və ailə üzvləri iştirak ediblər.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) günlərində fəaliyyətə başlayan MAMA “Ana təbiət” beynəlxalq incəsənət layihəsinin ideya müəllifi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevadır. Layihə çərçivəsində nümayiş olunan ekspozisiya “IDEA” (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyi və Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə təqdim edilir.
Ətraf mühitin mühafizəsi mövzusunda açılan “Öz töhfəni ver!” sərgisi isə Birləşmiş Millətlər Təşkilatının Cenevrədəki ofisinin baş direktoru Tatyana Valovaya və “IDEA” İctimai Birliyinin rəhbəri Leyla Əliyevanın birgə təşəbbüsü ilə Heydər Əliyev Mərkəzi və İsveçrə Qadın və Gücləndirmə Assosiasiyası (Association of Swiss Women & Empowerment) tərəfindən təşkil olunub.
Tədbirdə çıxış edən Heydər Əliyev Fondunun vitse-prezidenti, “IDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva nümayiş olunan əsərlərin izləyicilərə müsbət enerji verəcəyinə ümidvar olduğunu bildirib. O, sərginin ərsəyə gəlməsində iştirak edən hər kəsə təşəkkürlərini çatdırıb.
Leyla Əliyeva ölkəmizin ev sahibliyi etdiyi COP29-da Azərbaycanda aparılan işlər nəticəsində bir çox müsbət nəticələrin əldə olunacağına inamını ifadə edib.
Heydər Əliyev Fondunun vitse-prezidenti son dövrlərdə planetimizdə iqlim dəyişiklikliyi nəticəsində meydana gələn problemlərdən bəhs edib, hava, torpaq, suyun çirklənməsinin bir sıra mənfi təsirlərindən danışıb. Leyla Əliyeva iqlim dəyişikliyi və çirklənmə məsələsinin, həmçinin Azərbaycanın ekosisteminə ciddi təsir göstərdiyini bildirib, mövcud problemlərin həllinə çox nikbinliklə və kreativ üslubda yanaşıldığını diqqətə çatdırıb. O, 2011-ci ildə təsis edilmiş “IDEA” İctimai Birliyinin fəaliyyətinin məhz ətraf mühit problemlərinin həllinə yönəldiyini də qeyd edib.
Sonra çıxış edən türkiyəli rəssam Seval Özcan möhtəşəm beynəlxalq sərginin təşkilinə görə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya dərin minnətdarlığını bildirib. Diqqətə çatdırılıb ki, təbiətin insanlara deyil, insanların təbiətə ehtiyacı var və dünyamız bu gün böyük təhlükə altındadır. S.Özcan bu cür çətinliklərin olduğu bir dövrdə Bakıda iqlim dəyişikliyi ilə bağlı təşkil edilən tədbirlərin çox əhəmiyyətli olduğunu vurğulayıb.
Birləşmiş Millətlər Təşkilatının Cenevrədəki ofisinin baş direktoru Tatyana Valovaya tədbir iştirakçılarına videomüraciətində iqlim dəyişmələrinin qarşısını almaq və daha yaşıl dünyaya nail olmaq məqsədilə göstərdiyi qlobal səylərə, iki layihənin ərsəyə gəlməsinə görə Leyla Əliyevanın rəhbərliyi ilə “IDEA” İctimai Birliyinə, həmçinin Heydər Əliyev Fonduna və İsveçrə Qadın və Gücləndirmə Assosiasiyasına təşəkkürünü bildirib.
Sonra qonaqlar MAMA “Ana təbiət” və “Öz töhfəni ver!” sərgilərinə baxış keçiriblər.
Xatırladaq ki, sərgi Azərbaycan ilə BMT arasında əməkdaşlıq çərçivəsində reallaşdırılan ilk layihə deyil. 2022-ci ilin iyununda BMT-nin Cenevrədəki bölməsində “Mənim dənizlərim, mənim okeanlarım”(My Seas, My Oceans) fotosərgisi, 2022-ci ilin oktyabrında Bakıda Heydər Əliyev Mərkəzində “Çağırışın 17 siması” (“17 Faces of Action”) fotosərgisi təşkil edilib.
tag: ANAMA,Sərgi,Heydər Əliyev Mərkəzi,MAMA, BMT, COP29, Leyla Əliyeva, todaypress.az,