Gürcüstan TV-ləri "Basqalı" rəqsini “erməni şalaxosu” kimi təqdim etdi
Mədəniyyət
23.10.2024 21:57
2023-cü il noyabrın 3-də Gürcüstanın “1TV.GE” telekanalında yayımlanmış “Natalia & Datuna” şou proqramında Azərbaycan Respublikasının xalq artisti Aftandil İsrafilovun müəllifi və ifaçısı olduğu məşhur “Basqalı” rəqsi ilə müşayiət olunan mahnı “Somxuri şalaxo”- “erməni şalaxosu” kompozisiyası kimi təqdim edilib.
TodayPress xəbər verir ki, 2024-cü ili sentyabr ayının 14-də isə Gürcüstanın digər televiziya kanalı “İMEDİ”də yayımlanan “Çveni şou” proqramında da “Basqalı” Azərbaycan rəqsinə (musiqisinə) yazılmış və Dodona Namoradzenin ifa etdiyi mahnı yenə “erməni şaloxosu” adı altında təqdim olunub
Bu faktlar
Gürcüstanın müxtəlifteleviziya kanalları vasitəsilə Azərbaycanın mədəni irs
nümunələrinə, o cümlədən Azərbaycan musiqisinə münasibətdə növbəti erməni
oğurluğunun nümayişi təsəvvürü yaradır və ciddi narahatlıq doğurur.
“Basqalı” rəqsi
Azərbaycanla yanaşı Qafqaz ölkələrində və digər MDB məkanında Azərbaycana
məxsus rəqs nümunəsi kimi geniş yayılmışdır. Azərbaycan Əqli Mülkiyyət
Agentliyinin ekspertləri – tanınmış bəstəkarlar Eldar Mansurov, Faiq Sücəddinov
və Cavanşir Quliyevin rəylərində də “Somxuri şalaxo” – “erməni şalaxosu”nun
musiqisi Azərbaycanın məşhur qarmon ifaçısı Aftandil İsrafilovun yaratdığı
“Basqalı” rəqsi (musiqisi) ilə üst-üstə düşdüyü göstərilir. Rəqs Azərbaycan
muğamı “Bayatı-Şiraz” əsasında yaradılıb.
A.İsrafilovun
1970-ci ildə yaratdığı “Basqalı” rəqsinə digər ifaçıların repertuarında da
geniş yer verilmişdir. Müəllif bu rəqsi Azərbaycanın İsmayıllı rayonunun Basqal
kəndində yaşayan xeyriyyəçi dostunun şərəfinə yazmış və bu səbəbdən onu
“Basqalı” adlandırmışdır.
C.Cabbarlı
adına “Azərbaycanfilm” Kinostudiyasının 1984-cü ildə istehsal etdiyi “Xaş s muzikoy”
(rus dilində) adlı qısametrajlı komediya filmində (filmin ssenari müəllifi və
rejissoru Vaqif Mustafayevdir) də bu musiqi səsləndirilir və filmin titrlərində
rəqsin müəllifi kimi A.İsrafilovun adı qeyd olunmuşdur. A.İsrafilovun müəllifi
olduğu orta ixtisas, uşaq musiqi və incəsənət məktəbləri üçün 2012-ci ildə nəşr
olunan “Rəqslər” adlı tədris vəsaitində “Basqalı” rəqsinin musiqisinin notları
verilmişdir.
2017-ci ildə
norveçli musiqiçilər Daniel Lazar (skripka) və Espen Vensaas (mandolina) duet
şəklində “Basqalı”nı ifa edərək Youtube platformasında Azərbaycandan gözəl
instrumental musiqi adı altında paylaşmışlar.
Arxiv
sənədləri, musiqişünas ekspertlərin rəyləri və musiqinin xarici ifaçı
tərəfindən paylaşımı da “Basqalı” rəqsinin azərbaycanlı müəllifə məxsus
olduğunu təsdiq edir.
Bu ilin 24 may
tarixində “Rustavi” telekanalında yayımlanan “Paatas da Nikas şou” proqramında
isə "Bu qala, daşlı qala" adlı Azərbaycan xalq mahnısı “Sənə sevgi
söz verirəm” adı altında gürcü dilində təqdim olunub. Amma mahnının Azərbaycan
xalq mahnısı olduğu qeyd edilməyib. “Bayatı-Şiraz” muğamı əsasında yaradılmış
bu mahnı bütün Yaxın Şərqdə məşhurdur və çox geniş yayılıb, hətta Türkiyədə
əhalinin əksəriyyəti şənliklərdə bu mahnını çalıb-oxuyur və onu Azərbaycan xalq
mahnısı kimi ifa edirlər.
“Rustavi”
telekanalında "Bu qala daşlı qala" adlı Azərbaycan xalq mahnısı “Sənə
sevgi söz verirəm” adı altında gürcü dilində təqdim olunarkən Azərbaycan
Respublikasının və Gürcüstanın üzv olduqları ÜƏMT-nin “Ədəbi və bədii əsərlərin
qorunması haqqında” Bern Konvensiyasının 15-ci maddəsinin 4-cü hissəsinin
tələbləri nəzərə alınmamışdır.
Yuxarıda
göstərilən faktlar eyni zamanda ÜƏMT-nın Müəlliflik hüququna dair
Müqaviləsinin, habelə“Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında
əqli mülkiyyətin qorunması sahəsində əməkdaşlıq haqqında Saziş”in tələblərinin
də pozulması deməkdir.
Azərbaycanın
Respublikasının Əqli Mülkiyyət Agentliyi yuxarıda göstərilənlərlə əlaqədar
Gürcüstan Milli Əqli Mülkiyyət Mərkəzi "SAKPATENTİ"nin rəhbərliyinə
məktub göndərib. Məktubda Gürcüstanın 1TV.CE, “İMEDİ” və “Rustavi”
telekanallarında Azərbaycana məxsus olan “Basqalı” rəqsinin “Somxuri şalaxo” -
erməni şalaxosu” kimi təqdim edilməsinin və “Bu qala, daşlı qala" adlı
Azərbaycan xalq mahnısından istifadə olunarkən onun mənbəyinin və mənsub olduğu
xalqın adının göstərilməməsinin səbəblərinin araşdırılaraq müvafiq tədbirlərin
görülməsi, bu barədə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə
məlumat verilməsi və bir daha belə halların təkrarlanmaması üçün məsələnin daim
nəzarətdə saxlanılması xahiş edilib. Həmçinin bildiririk ki, hüquq
pozuntularını təsdiq edən müvafiq materiallar da “SAKPATENTİ”-yə təqdim edilib.
tag: Gürcüstan, Azərbaycan, Basqallı, Somxuri Şalaxo, todaypress.az,