Görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun anadan olmasından 102 il ötür

Mədəniyyət

22.11.2024 11:06

Azərbaycan klassik musiqi sənətinin görkəmli nümayəndəsi Fikrət Əmirov ötən əsrin istedadlı bəstəkarı olaraq milli mədəniyyətimizə yeni nəfəs gətirib. Dünyada məşhur sənətkarın irsi hər zaman diqqətdədir və tədqiq olunur. Fikrət Əmirovun bəstəkarlıq sahəsindəki yaradıcılığı, ictimai-siyasi fəaliyyəti geniş və rəngarəngdir. Onun yaradıcılığı çoxmillətli keçmiş ittifaqın hər yerində, dünyanın müxtəlif ölkələrində geniş tanınıb, böyük dinləyici kütləsinin məhəbbət və hörmətini qazanıb.

TodayPress xəbər verir ki, bu gün görkəmli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı, Əmək Qəhrəmanı Fikrət Əmirovun anadan olmasından 102 il ötür.

Xüsusi ilə qeyd etməliyik ki, Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi, simfonik muğam janrının banisi Fikrət Əmirovun anadan olmasının 100 illiyi Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkəmizdə və ölkə hüdudlarından kənarda silsilə tədbirlərlə qeyd olunub. Həmçinin Fikrət Əmirovun anadan olmasının 100 illiyi UNESCO-nun 2022-2023-cü illər üzrə yubileylər proqramına daxil edilib və bu yubiley Parisdə, UNESCO-nun mənzil-qərargahında keçirilib.

Fikrət Əmirov 1922-ci il noyabrın 22-də Gəncədə, tanınmış müğənni və tarzən Məşədi Cəmil Əmirovun ailəsində dünyaya göz açıb. O, məşhur pedaqoq Boris Zeydmandan bəstəkarlığın sirlərini, dahi Üzeyir Hacıbəylidən Azərbaycan xalq musiqisinin əsaslarını öyrənib.

Fikrət Əmirov musiqinin demək olar ki, bütün janrlarına müraciət edərək çox dəyərli sənət əsərləri yaradıb. Onun əsərləri musiqi tariximizin parlaq səhifələridir. Bu əsərlər öz bədii məzmunu, etik əhəmiyyəti, yüksək fəlsəfi və psixoloji cəhətləri ilə həmişə aktualdır. Fikrət Əmirov dünya musiqisində heç bir analoqu olmayan simfonik muğam janrının yaradıcısıdır. 

Ümumiyyətlə, bəstəkarın özünəməxsus musiqi dili olduğuna görə onun simfonizmi çox möhtəşəmdir. Bunun da əsas səbəbi bəstəkarın milli musiqini dərindən bilməsi və onu Qərb musiqi alətlərinin dilinə çevirmək bacarığından irəli gəlir. Bu cəhətlər Fikrət Əmirovun bütün əsərlərində sanki qırmızı xətlə keçir.

Fikrət Əmirov sənəti daim yüksək qiymətləndirilib. O, yüksək fəxri adlara, dövlət təltiflərinə layiq görülüb. Amma sənətkar üçün ən qiymətli olan amil xalq məhəbbətidir ki, o da heç vaxt Fikrət Əmirov yaradıcılığından əskik olmayıb. Çünki o daim xalq musiqisindən bəhrələnib. Bu mənada bəstəkarın çoxlu sayda xalq mahnıları və rəqsləri əsasında işləmələrini, bu nümunələrdən öz əsərlərində istifadə etməsini misal göstərə bilərik. Bir sözlə, Fikrət Əmirov xalq musiqimizə sadəcə bəstəkar kimi deyil, onun keşiyində duran və onu qoruyan, yaşadan bir sənətkar kimi yanaşıb.

Azərbaycan və Şərq musiqisinin inkişafında böyük rol oynamış görkəmli bəstəkar 1984-cü il fevralın 20-də Bakıda vəfat edib.

tag: Azərbaycan, Bəstəkar, Fikrət Əmirov, Fəxri Ad, Sənətkar, Şərq Musiqisi, todaypress.az,