“Ermənilər nə vaxtsa, onları özlərininki kimi təqdim edəcəklər” - Tanınmış memardan ÇAĞIRIŞ

Mədəniyyət

27.09.2024 11:19

“İşğaldan azad olunmuş ərazilərimizdə bir dənə də olsun erməni abidəsi yoxdur. Çünki ermənilər orada tarixən yaşamayıblar”. 

Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə bunu TodayPress-ə açıqlamasında deyib.   

Onun sözlərinə görə, ermənilər son 150 ildir ora köçüblər. Oradakı abidələr isə 14, 16 və 17-ci əsrlərə aiddir. O vaxtlar isə həmin ərazilərdə heç bir erməni olmayıb. Oradakı kilsələr Qafqaz albaniyasının abidələridir: 

“Biz onları niyə sökməliyik. Bu 30 ildə, eləcə də, Sovet dövründə ermənilər Qarabağda yaşayanda onları yavaş-yavaş, bizimkilərin ürək  açıqlığından, sadəliyindən istifadə edərək tikiblər. Alban dilində yazılan abidələri isə söküb, dağıdıblar. Amma bicliklərindən məhv etməyiblər. Çıxarıb aparıblar. Daşda yenidən erməni əlifbası ilə yazılar yonub onların yerlərinə qoyublar. Hətta onların xaçı ilə alban xaçının fərqi var. Onları da dəyişiblər. Amma onların xasiyyətini yaxşı bildiyim üçün deyə bilərəm ki, hamısını özlərində saxlayıblar. Nə məqsədlə bilmirəm, amma nə vaxtsa, onları özlərininki kimi göstərəcəklər. Deyəcəklər bu, bizim olub. Əvvəl bizim əlifbamız da, dilimiz də olub”.  

Memar hesab edir ki, heç bir halda işğaldan azad edilən Azərbaycan ərazilərindəki abidələrə toxunmaq olmaz. O abidələri qoruyub saxlamaq lazımdır:

“Orada yarı uçuq abidələr də olub. Hansı ki, onları bərpa etmək olmazdı. Çünki belə bir qayda var - abidənin 50 faizindən çoxu dağılıbsa, onu konservasiya edirlər ki, dağıntı davam etməsin. Ermənilər isə onları tikiblər. Buna görə həmin abidələrin tarixi qiyməti yoxa çıxıb. Amma artıq bitdi, getdilər. İnşallah bir də qayıtmayacaqlar. Amma biz onları qoruyub saxlamalıyıq. Bu, bizim tariximizdir, onların deyil. 30 il ərzində onlar orada məktəb, xəstəxana, ev tikməyiblər. Bircə Xankəndində tikiblər. Qalan yerlərin heç birində kilsədən başqa heç nə tikməyiblər. Özü də kilsələri elə yerdə tikiblər ki, orada tarixən bir nəfər də olsa, erməni olmayıb. Yalnız azərbaycanlılar yaşayıblar. Bunu bilərək ediblər. Çünki onlar çıxıb gedəcəklərini bilirdilər. Ona görə də o yerləri abad etməyiblər, viran qoyublar. Bizim ürəyimizə dağ olsun deyə Azərbaycan şəhərlərində o kilsələri tikiblər”. 

Elbay Qasımzadə əlavə edib ki, Cenevrə Konvensiyasında da zəbt olunmuş ərazilərdə dini məbədlərin tikintisinin qadağan edilməsi yazılıb. Bu, təcavüzün bir formasıdır. Amma onlar bu ərazilərdə 19 kilsə tikiblər. Yenə də həmin abidələrə toxunmaq olmaz. Bu bizim tariximizdir. Azərbaycanın qədimliyini təsdiqləyən tikililərdir.

Günəş Mərd

tag: Elbay Qasımzadə ,Qafqaz ,Kilsələr ,Sovet Dövrü ,Qarabağ ,Azərbaycan,todaypress.az,