“Əqrəb mövsümü” ilə bağlı hansı tədbir görüləcək?
"Vəkillik peşəsinə qarşı təhqir məzmunlu ifadənin hər hansı bir maneə olmadan efirdə yayımlanması “Media haqqında” Azərbaycan Respublikasının Qanununun pozulması deməkdir".
Hüquqşünas Rüstəm Əzimzadə bu fikirləri "Əqrəb mövsümü” serialında vəkillərlə bağlı səsləndirilən təhqiramiz ifadələri “TodayPress”ə şərh edərkən bildirib.
Onun sözlərinə görə, mediada dərc olunan və ya yayımlanan informasiyada şərəf və ləyaqətin alçaldılmasına, işgüzar nüfuzun ləkələnməsinə yol verilməməlidir:
"Televiziya və mediada əxlaqdankənar leksik məzmunlu söz və ifadələrdən, jestlərdən istifadə etmək olmaz. İctimai Televiziya və Radio Yayımları Şirkətinin “Media haqqında” Azərbaycan Respublikasının Qanununun nəzərdə tutulan tələblərinə riayət etmək kimi vəzifəsi var. İctimai Televiziya və Radio Yayımları Şirkətinin qeyd edilən ifadənin təhqir qismində qiymətləndirilməsi üçün aiddiyəti qurum(AR Vəkillər Kollegiyası) tərəfindən AR Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulan cinayət əməli üzrə xüsusi ittiham qaydasında məhkəmələrə müraciət edə bilər. Müvafiq əməlin AR Cinayət Məcəlləsinə əsasən təhqir kimi tövsif edildiyi təqdirdə, qurum Cinayət Məcəlləsində göstərilmiş qaydada cəzalandırıla bilər. Lakin qeyd etdiyim kimi, həmin ifadənin təhqir qismində işlədilməsi və işgüzar nüfuza zərər yetirməsi müvafiq qaydada əsaslandırılmalıdır".
Xatırladaq ki, İctimai Televiziya və Radio Yayımları Şirkətinin efirində yayımlanan “Əqrəb mövsümü (İki dünya bir olsa da)” serialının 08.02.2025-ci il və 15.02.2025-ci il tarixlərdə yayımlanan bölümlərində film personajının dili ilə vəkillik peşəsinə dair bəzi xoşagəlməz ifadələri işlədilib. Serialda "oğraş vəkil" ifadəsi qınaq obyektinə çevrilib. Məsələnin aktuallığını və əhəmiyyətini nəzərə alan AR Vəkillər Kollegiyasından rəsmi sosial media hesabı vasitəsi ilə məsələyə münasibət bildirilərək, aidiyyəti dövlət qurumlarına bu barədə rəsmi müraciət ediləcəyi qeyd edilib. Bu da ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb və müzakirələrə səbəb olub.
Türkan İsgəndərli
tag: Rüstəm Əzimzadə,Hüquqşünas,Əqrəb mövsümü,İTV,Vəkil,Todaypress.az,