Emili Brontenin “Tufanlı yoxuşlar” romanı ekranlaşdırılacaq
Mədəniyyət
14.07.2024 06:20
Britaniyalı aktrisa və
rejissor Emerald Fennell məşhur yazıçı Emili Brontenin qotik üslubda yazdığı
“Tufanlı yoxuşlar” romanını ekranlaşdıracaq.
TodayPress xarici mediaya
istinadla xəbər verir ki, rejissor sözügedən layihə barədə sosial şəbəkələrdə məlumat
verib. O, üzərində romandan bu sözlərin yazıldığı qrafik təsvir paylaşıb:
“Yaşadığım müddətdə istədiyin cildə gir, daxil ol həyatıma və dəli et məni...”
İnsayderlərin bildirdiyinə görə,
rejissor ekran işini “Soltbern” adlı məşhur filmi ərsəyə gətirən “MRC”
studiyası ilə işləyəcək.
Bu illər ərzində “Tufanlı
yoxuşlar” əsəri bir neçə dəfə ekranlaşdırılıb: 1939-cu ildə Uilyam Uaylerin çəkdiyi
və Lourens Olivye və Merl Oberonun rol aldığı film, 1970-ci ildə Robert Fyustun
çəkdiyi və Timoti Dalton və Anna Kolder-Marşallın oynadığı film və 1992-ci ildə
Piter Kosminskinin çəkdiyi və Ralf Fayns və Jülyet Binoşun rol aldığı film.
Bundan əlavə, əsərdəki hadisələri təsvir edən iki televiziya filmi və iki
serial lentə alınıb.
Kitab 1847-ci ildə işıq üzü
görüb və bir il sonra müəllif vərəm xəstəliyinin ağırlaşması nəticəsində vəfat
edib.
Roman iki əsas qəhrəman olan Cənab
Hitkliff və Xanım Ketrinin qarışıq və dramatik həyat hekayəsindən bəhs edir. Cənab
Hitkliff illər öncə Ketrinin atası Ernşo tərəfindən kimsəsiz bir uşaq olaraq
tapılaraq evə gətirilir. Hitkliff və Ketrinin dostluğu bundan sonra başlayır.
Bir neçə il sonra bu dostluq məhəbbətə çevrilsə də Ketrin Edqar adlı başqa bir
gənclə ailə qurur. Onlar bir neçə müddət ayrı qalsalar da, Hitkliff Ketrini
yenidən tapır. Ardınca Ketrin öz adını daşıyacaq bir qız övladı dünyaya gətirən
zaman ölür. O gündən etibarən Hitkliff qəribə və əsrarəngiz hadisələr yaşamağa başlayır.
Belə ki, varlığı ilə Hitkliffə həyat vermiş qadın, yoxluğu ilə onu dəli etməyi
bacarır. Ruhu hər an onu izləyir və daim onun gözlərinə görünür.
Əsər son romantizm ədəbiyyatının
klassik nümunəsi hesab olunur.
tag: todaypress.az, Emili Bronte, Roman, Emerald Fennell ,Tufanlı yoxuşlar,