Əməkdar artist Rafiq İbrahimov vəfat etdi
Mədəniyyət
13.09.2024 23:14
Bakı Bələdiyyə Teatrının veteran aktyoru, Əməkdar
artist Rafiq İbrahimov vəfat edib.
TodayPress xəbər verir ki, R.İbrahimov 2 noyabr
1955-ci ildə anadan olub. Orta məktəb illərində Məmmədkamal Kazımovun rəhbərlik
etdiyi Xalq Teatrına üzv olub. 1974-1978-ci illərdə M.A.Əliyev adına Azərbaycan
Dövlət İncəsənət İnstitutunun dram, kino aktyorluğu fakültəsində təhsil alıb.
Bir müddət Tədris Teatrında, Sumqayıt Dövlət Dram Teatrında fəaliyyət göstərib,
pedaqoji fəaliyyətlə məşğul olub, Azərbayan Dövlət Mədəniyyət və İncəsənət
Universitetində səhnə danışığı fənnini tədris edib. Yaradıcılıq Fondunun “Sönməyən
ulduzlar” teatrında da çalışan, dublyaj ilə məşğul olan aktyorun
yaradıcılığının əsas hissəsi Bakı Bələdiyyə Teatrı ilə bağlıdır.
1994-cü ildən Bakı Bələdiyyə Teatrında fəal çalışan
Rafiq İbrahimov bir-birindən maraqlı obrazlar yaradıb.
Teatrın hazırladığı Nəriman Nərimanovun "Nadir
şah" faciəsində Səlim xan, R.İçərişəhərlinin "Vətənə igidlər gərəkdir"
pyesində Fikrət, S.Rəşidinin "Mənim Ərdəbilim" əsərində Həşim ağa,
O.Altunbayın "Tomris"ində Bagudar, F.Məmmədovun "Anasının gül
balası"nda Şahmar, A.Məmmədovun "Dəli Domrul"nda Dədə Qorqud,
N.Nərimanovun "Nadir şah"nda Səlimağa, N.Rəfibəylinin "Məhsətisində"-
Şah, Əmir Pəhləvanın "İnsan və İblis"ndə İblis, A.Babayevin
"Oğul"nda Cani, C.Cabbarlının "Dönüş"ndə Zaman, C.Məmmədquluzadənin
"Ölülər"ində Səlim ağa, N.Hikmətin "Damokl qılıncı"nda
Arxitektor, İ.Kərimovun "Xəyanətin Müsibəti"ndə Ömər, A.Qurbaninin
"Türk sancağı"nda Məşədi Heydər və b. tamaşalarda maraqlı rollara
imza atıb.
R.İbrahimov eyni zamanda kinoda da bir aktyor kimi müxtəlif səpgili obrazlar yaradıb.
“Ağ atlı oğlan”da polis işçisi (1995, tammetrajlı bədii film), “Hökmdarın taleyi”ndə (2008, tammetrajlı bədii film), “Sonuncu dərviş”də raykom nümayəndəsi(2009, tammetrajlı bədii film), “Dələduzlar”da şikayətçi (2014, tammetrajlı bədii film) və s. filmlərdə aktyorun oynadığı roller tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
tag: Əməkdar Artist, Rafiq İbrahimov, Teatr,Veteran Aktyor,todaypress.az,