Corc Kluni: "“Co Baydeni sevirəm, ancaq bizə yeni namizəd lazımdır”

Mədəniyyət

11.07.2024 02:00

Hollivud ulduzu və özünü "ömürlük demokrat" adlandıran Corc Kluni “New York Times” qəzetində dərc olunan yazısında Co Baydenin noyabr seçkiləri öncəsi prezidentlik yarışından geri çəkilməli olduğunu bildirib.

TodayPress xəbər verir ki, “Co Baydeni sevirəm. Ancaq bizə yeni namizəd lazımdır” adlı yazısında Kluni Demokratları və Baydeni reallıqla üzləşməyə və debatda əsl Baydenin göründüyünü etiraf etməyə çağırıb. "Partiya liderlərimiz 51 milyon insanın bizim də gördüyümüz şeyləri görmədiyini iddia etməyi dayandırmalıdır” deyə Kluni deyib.

Məqalədə Kluni dəfələrlə Demokratik Partiyaya sadiqliyini ifadə edib və bir neçə dəfə Baydeni tərifləyib, lakin qeyd edib ki, Baydenin  “qalib gələ bilməyəcəyi yeganə mübarizə zamana qarşı mübarizədir”.

"Biz bu prezidentlə noyabrda qalib gələ bilməyəcəyik" deyən Kluni demokratların "bütün xəbərdarlıq işarələrinə məhəl qoymamağı seçdiklərini" yazıb. O, həmçinin əlavə edib ki, Bayden davam edərsə, partiya həm Nümayəndələr Palatasını, həm də Senatı itirə bilər.

Kluni daha sonra Baydeni potensial olaraq əvəz edə biləcəklər arasında vitse-prezident Kamala Harris, Merilend qubernatoru Uesli Mur, Miçiqan qubernatoru Qretçen Uitmer, Kaliforniya qubernatoru Qevin Nyusom, Kentukki qubernatoru Endi Beşar və İllinoys qubernatoru Cey Robert Pritzkerin adını çəkib.

Nəzrin Cavadzadə

tag: Corc Kluni, Bayden, Demokratlar, ABŞ, todaypress.az,