Cavanşir Quliyev: “Baş bilənlər" bu yol ilə getsə idi, “Avroviziya”da uğur qazanardıq”

Mədəniyyət

14.05.2025 16:25

321

“Azərbaycanın “Avroviziya” mahnı müsabiqəsində təqdim etdiyi musiqi parçaları keyfiyyət baxımından digər ölkələrdən geri qalmasa da, Avropanın Azərbaycana olan siyasi münasibəti nəticələrə birbaşa təsir göstərir”.

Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyev bunu TodayPress-ə danışarkən bildirib.

Onun sözlərinə görə, ölkəmiz Qarabağı geri alandan sonra bir sıra Avropa ölkələri bizə qarşı hər sahədə mövqe alıblar. 

“Müşahidələrim göstərir ki, Azərbaycan bu müsabiqədə tutduğu yerlərdən daha yuxarı pillələrdə olmalı idi. Təəssüf ki, Avropa son illərdə obyektivlikdən xeyli uzaqlaşıb".

Cavanşir Quliyev hesab edir ki, Azərbaycan bu cür platformalarda əsas məqsəd kimi yer tutmağı yox, milli musiqinin tanıdılmasını qarşıya qoymalıdır:

“Biz Avropada bir yer uğrunda mübarizə aparmamalıyıq. Əsas məqsədimiz öz milli musiqimizi müasir üslubda təqdim etməklə tanıtmaq olmalıdır. Hindistan musiqiləri filmləri ilə tanınıb. İndi o musiqi harada çalınsa, hamı bilir ki, hind musiqisidir. Bizə 3-5 dəqiqəlik çıxış imkanı verirlər. Bu, ölkəmizin mədəniyyətini təbliğ etmək üçün nadir fürsətdir. Lakin biz bu fürsətdən lazımınca istifadə edə bilmirik. Təəssüf ki, "baş bilənlər" bu yol ilə getmədi. Avropalılara bənzəməyə çalışdıq, nəticədə öz sifətimizi itirdik. Siyasi səbəblər də üst-üstə gələndə, bizi kənara atdılar".

Xalq artisti, bəstəkar Faiq Sücəddinov da Cavanşir Quliyevin fikirlərini təsdiqləyib.

O, TodayPress-ə açıqlamasında bildirib ki, “Avroviziya”nın yarımfinal mərhələsində xallar izləyicilər tərəfindən verilsə idi, finala çıxmaq şansımız yüksək olardı.

“Təmsilçilərimizin çıxışı çox xoşuma gəldi. Orada Azərbaycan elementləri, xüsusilə sazda ifa yaxşı idi. Təəssüflər olsun ki, “Avroviziya”nın öz qanunları var. Azərbaycan təmsilçilərinin ifası o səsə layiq deyildi".

Qeyd edək ki, "Avroviziya - 2025"in ilk yarımfinal mərhələsi keçirilib. Müsabiqədə 10 nömrə altında “Run with U” mahnısı ilə çıxış edən Azərbaycan təmsilçisi “Mamagama” qrupu müsabiqənin ilk yarımfinal mərhələsində mübarizəni dayandırıb.   

Türkan İsgəndərli

tag: Cavanşir Quliyev,Bəstəkar,Avroviziya,Müsabiqə,Todaypress.az,

photo