Bu il yazıçı Vladimir Boqomolovun anadan olmasından 100 il ötür
Mədəniyyət
03.07.2024 21:30
Bu il sovet-rus yazıçısı
Vladimir Boqomolovun anadan olmasının 100 ili tamam olur.
TodayPress Rusiya mediasına
istinadla xəbər verir ki, Vladimir Osipoviç Boqomolov 1924-cü il iyulun 3-də
Moskva vilayətinin Kirillovka kəndində anadan olub, 1941-ci ildə - gənc
yaşlarında könüllü olaraq cəbhəyə yollanıb, döyüşlərdə ağır yaralanıb, kəşfiyyatda
xidmətdə olub, uzun illər quldur dəstələrinə qarşı mübarizədə iştirak edib.
Yazıçının özünün sonralar xatırladığı kimi: “...bizim nəsil üçün hər hansı
başqa qərar və davranış qeyri-təbii, vəhşi, anlaşılmaz idi...”.
Müharibədən sonrakı illərdə
dövri mətbuat səhifələrində və ayrı-ayrı nəşrlərdə istedadlı yazıçının hərbi
mövzulara və müharibədən sonrakı nəslin taleyinə həsr etdiyi əsərlər, o cümlədən
“İvan” povesti, “44-cü ilin avqustunda” (“Həqiqət anı”) romanı, “İlk məhəbbət”,
“Ürəyimin ağrısı”, “Belostok yaxınlığındakı qəbiristanlıq”, “Zosya” və s.
bir-birinin ardınca nəşr olunmağa başladı və ona geniş oxucu kütləsinin hörmətini
qazandırdı.
2003-cü ildə yazıçı dünya ədəbiyyatına
görkəmli töhfələrinə, “amansız hərb sənətinin humanistləşdirilməsinə” görə
diplom və UNESCO-nun medalı ilə təltif edilib.
1962-ci ildə rejissor Andrey
Tarkovski Vladimir Boqomolovun “İvan” povestini - müharibə zamanı bütün ailəsini
itirmiş və düşmən xəttinin arxasında kəşfiyyatçı olmuş 12 yaşlı uşağın faciəli
hekayəsini lentə alıb. Bu, A.Tarkovskinin kinoda ilk müəllif işi idi. “İvanın
uşaqlığı” adlanan filmdə böyük kino istedadına malik olan rejissor dözülməz
müharibə şəraitində böyüyən uşağın taleyini, müharibədə xoşbəxtlik tapmağın
mümkünsüzlüyünü təsvir edib.
“İvanın uşaqlığı” filmi həmin
illərdə çəkilmiş “Durnalar uçur”, “Əsgər balladası”, “İnsan taleyi” və digər hərbi
dramlarla yanaşı qırılan insan taleyindən bəhs edir və dünya miqyasında şöhrət
qazanıb. 1963-cü ildə bu film 23-cü Venesiya Beynəlxalq Film Festivalının baş
mükafatına – “Qızıl şir”ə layiq görülüb.
Vladimir Boqomolovun əsərləri əsasında
çəkilən, Polşada faşistlərdən azad edilmiş bir kənddə sovet zabitinin və
polşalı qızın məhəbbətindən bəhs edən “Zosya” filmi, habelə kəşfiyyatçıların
müharibədə gündəlik həyatından bəhs edən “44-cü ilin avqustunda” və digər ekran
əsərləri sovet kinematoqrafiyasının şedevrlərindən sayılır.
Yazıçı 2003-cü il dekabrın 30-da uzunsürən ağır xəstəlikdən sonra vəfat edib və Moskvadakı Vaqankov qəbiristanlığında dəfn olunub.
tag: Yazıçı,Vladimir Boqomolov, 100 il, UNESCO, todaypress.az,