Bu gün Azərbaycan peşəkar vokal sənətinin banisi Bülbülün doğum günüdür

Mədəniyyət

22.06.2024 13:20

İyunun 22-si Azərbaycan peşəkar vokal sənətinin banisi, opera müğənnisi, təsnif ifaçısı Bülbülün doğum günüdür.

Murtuza Məmmədov (Bülbül) 1897-ci ildə Şuşa yaxınlığında, Xanbağı adlanan yerdə anadan olub. Bülbül səhnə fəaliyyətinə 1916-cı ildən başlayıb. 1920-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının (o zamanlar Birləşmiş Dövlət Teatrı opera truppası) solisti olub.

Fəaliyyətinin ilk illərində Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" ("İbn-Salam"), "Əsli və Kərəm" ("Kərəm"), Z.Hacıbəyovun "Aşıq Qərib" ("Qərib") operasında oynayıb.

1927-ci ildə Bakı Konservatoriyasını bitirib. Təhsilini davam etdirmək üçün dövlət xətti ilə İtaliyanın Milan şəhərinə gedən Bülbül 1931-ci ildə Milan Konservatoriyasını (Cüzeppe Anselmi, Delliponti və R.Qraninin sinfini) bitirib. Bundan sonra o, Vətənə qayıdaraq Azərbaycan Dövlət Konservatoriyasında dərs deməyə başlayıb.

1932-ci ildə məhz Bülbülün təşəbbüsü ilə Azərbaycan Dövlət Konservatoriyası nəzdində Azərbaycan xalq musiqisini öyrənən Elmi-Tədqiqat Musiqi Kabineti yaradılıb. Bu Kabinet Azərbaycan musiqisinin toplanması, tədqiqi və işlənməsi ilə məşğul olub.

Sonralar məhz Elmi-Tədqiqat Musiqi Kabinetinin bazasında Azərbaycan Elmlər Akademiyasının İncəsənət və Memarlıq İnstitutu yaranıb və 1945-ci ildən etibarən Azərbaycan xalq musiqisinin tədqiqi ilə məhz İncəsənət İnstitutu məşğul olmağa başlayıb.

1957-ci ildə keçirilən VI Ümumittifaq Moskva festivalında Şərq xalqlarının klassik oxuma müsabiqəsinin münsiflər heyətinə sədrlik edib.

1961-ci ilin iyul ayında Şuşa şəhərində, keçmiş Şuşa Real məktəbinin zalında konsert verib. Bu konsert Bülbülün Şuşadakı axırıncı konserti olub.

O, 26 sentyabr 1961-ci ildə Bakı şəhərində vəfat edib və Birinci Fəxri xiyabanda dəfn olunub.

tag: Sənətkar, Bülbül, Vokal Banis, Opera Müğənnisi, Təsnif İfaçısı, todaypress.az,