Bakıda incəsənət və ekologiyanı birləşdirən unikal sərgi açıldı - FOTO
Mədəniyyət
06.11.2024 18:25
Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi Aİ-yə üzv dövlətlərin səfirlikləri ilə birgə beşinci "FantazEU" Mədəni İrs Festivalı çərçivəsində "Bizi birləşdirən su" fotosərgisini təşkil edib.
TodayPress xəbər verir ki, sərginin mövzusu Azərbaycanın qısa zamanda ev sahibliyi edəcəyi ən böyük COP29 konfransı üçün irəli sürdüyü təşəbbüslərdən birini əks etdirir.
Avstriya, Belçika, Xorvatiya, Çexiya, Fransa, Macarıstan, Latviya, Litva, Hollandiya, Polşa, Rumıniya, Slovakiya və İsveç səfirlikləri çay və şəlalələr kimi təbiətdə suyun füsunkar şəkillərini, eləcə də Avropa şəhərlərini gözəlləşdirən heyrətamiz fəvvarələrin fotolarını təqdim ediblər.
"Bu, incəsənət və ekologiyanı birləşdirən unikal bir sərgidir. Biz, Aİ-yə üzv dövlətlərdən alınan valehedici su fotoları vasitəsilə su ehtiyatlarının həyatın hərəkətverici qüvvəsi kimi əhəmiyyətli rol oynadığını göstərmək istəyirik. Su insanlar və təbiət, həmçinin iqlimi tənzimləmək baxımından vacib resursdur. Bu, iqtisadiyyat, kənd təsərrüfatı və enerji hasilatı baxımından da çox vacibdir. Bu cür sərginin təşkil edilməsi ilə Bakıda COP29 ərəfəsində suyun oynadığı rol və onun qorunmasına olan ehtiyac bir daha vurğulanır" deyə Aİ-nin səfiri Peter Miçalko bildirib.
Qeyd edək ki, "Bizi birləşdirən su" fotosərgisi 7-10 noyabr tarixlərində "Fabrica" Qalereyasında ictimaiyyət üçün açıq olacaq. Sərgiyə giriş pulsuzdur.
Töhfə Səməd
tag: İncəsənət, Mədəniyyət, COP29, Sərgi, Azərbaycan, Avropa İttifaqı,todaypress.az,