“Azərbaycanfilm” kinostudiyasının yeni rəhbəri kim olacaq?

Mədəniyyət

12.06.2024 10:28

Ölkə mətbuatının verdiyi xəbərə görə, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Nazim Hüseynov və onun müavini Aydın Hüseynov öz ərizələri ilə işdən çıxıblar. Hadisənin təfərrüatını öyrənmək üçün Nazim Hüseynovla əlaqə saxlamaq istəsək də o, işdən çıxmasının səbəbləri barədə danışmaqdan imtina etdi.

Məsələ ilə bağlı TodayPress-ə açıqlama verən “Azərbaycanfilm” kinostudiyasının mətbuat xidmətinin rəhbəri Ramil Ələkbərov faktı təsdiqlədi. Müsahibimiz onu da bildirdi ki, əksər media orqanı xəbəri düz yayımlamayıb. 

“İstefa xəbəri doğrudur amma Aydın Hüseynov aparat rəhbəridir. Direktorun müavini isə Emil Nəcəfovdur. Onların hər üçü də öz istəkləri ilə ərizə yazıb, tutduqları vəzifədən azad olunmaq istəyiblər. Yeni direktorun kimin olacağı barədə isə bizdə məlumat yoxdur. Mədəniyyət Nazirliyi bu haqda məlumat verəcək”.

TodayPress vaxtilə “Azərbaycanfilm”də direktor vəzifəsini icra edən rejissor Cəmil Quliyevin məsələyə münasibətini öyrənib. C.Quliyev özünün də bir neçə il öncə sözügedən kinostudiyadan istefa etdiyini qeyd edib:

“Cəmi üç ay orada işləyib çıxmışam. İstefa edənlərdən biri də mənəm. “Azərbaycanfilm” kinostudiyası haqqında ümumiyyətlə danışmaq istəmirəm. Zamanında bu haqda çox danışmışam. İndi isə heç nə...”.

Xatırladaq ki, 2019-cu ilin sonlarında vəzifəyə gələn Cəmil Quliyev elə həmin il də istefa vermişdi.

Qeyd edək ki, Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası 1920-ci ildə "Azərbaycan XMK-nın İncəsənət Şöbəsi" adı altında təsis olunub. Qurum hazırda Azərbaycan Mədəniyyət Nazirliyinin tərkibində fəaliyyət göstərir.

Günəş Mərd

tag: Azərbaycanfilm, İstefa, Kinostudiya,Cəfər Cabbarlı, todaypress.az,