Azərbaycanda Milli Musiqi Günüdür
Mədəniyyət
18.09.2024 11:34
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür.
TodayPress xatırladır ki, 1885-ci il sentyabrın 18-də dahi bəstəkar Üzeyir Hacıbəyli dünyaya göz açıb. Bu tarix Azərbaycanda Milli Musiqi Günü kimi qeyd olunur və 2009-cu ildən başlayaraq Ü.Hacıbəyliyə həsr olunmuş Beynəlxalq Musiqi Festivalı keçirilir.
Bu gündən sentyabrın 28-dək Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalı keçiriləcək. Festival çərçivəsində Bakı, Gəncə, Qəbələ və Şuşada açıq havada və müxtəlif məkanlarda konsertlər, tamaşalar, sərgilər, elmi konfrans, ustad dərsləri və digər tədbirlər nəzərdə tutulur.
Sentyabrın 18-də ilk olaraq Azərbaycan Milli Konservatoriyasında Üzeyir Hacıbəylinin xatirəsinə həsr olunmuş tədbir keçiriləcək. Daha sonra ev muzeyi ziyarət edilərək ədəbi-musiqili tədbirin keçirilməsi nəzərdə tutulur. Sentyabrın 21-də isə Şuşa şəhərində Ü.Hacıbəylinin heykəlinin qarşısında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdimatında “Leyli və Məcnun” operası nümayiş olunacaq.
ABŞ, Fransa, Gürcüstan, Xorvatiya, Rusiya, Sinqapur və digər ölkələrdən tanınmış musiqiçi və kollektivlərin də iştirak etdiyi festival günlərində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası, Azərbaycan Milli İncəsənət Muzeyi, Beynəlxalq Muğam Mərkəzi, Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalı, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Opera Studiyasında və digər məkanlarda müxtəlif proqramlar təqdim olunacaq.
Üzeyir Hacıbəyli bəstəkar, alim, yazıçı, publisist, ictimai və siyasi xadim kimi çoxşaxəli fəaliyyəti ilə yanaşı, Şərqdə ilk operanın banisi kimi tanınan sənətkardır. Məhz onun fədakar əməyi sayəsində Azərbaycan milli opera sənətinin tarixi 116 il əvvəl tamaşaya qoyulan “Leyli və Məcnun” operası ilə başlanıb. Operanın ilk dirijoru Əbdürrəhim bəy Haqverdiyev, rejissoru Hüseyn Ərəblinski olub. Məcnun rolunda ölməz sənətkar Hüseynqulu Sarabski, Leyli rolunda isə aşpaz şagirdi Əbdürrəhim Fərəcov çıxış ediblər. İlk tamaşa 1908-ci il yanvarın 12-də (25-də) Bakıda Hacı Zeynalabdin Tağıyevin teatrında oynanılıb.
Üzeyir Hacıbəyli yaradıcılığının zirvəsi “Koroğlu” operasıdır. “Koroğlu” təkcə Azərbaycan mədəniyyətində deyil, dünya operalarının sırasında əzəmətlə dayanan parlaq nümunələrdən biridir. “Koroğlu” operası Moskva tamaşaçılarını da məftun edib. Taleyi uğurlu gətirmiş bu nəhəng əsər keçmiş sovet respublikalarının opera və balet teatrlarında dəfələrlə göstərilib.
Şərqdə ilk operetta janrının yaranması da Üzeyir Hacıbəylinin adı ilə bağlıdır. Bütün ömrü boyu Azərbaycan mədəniyyətinə, musiqisinə xidmət edən bu unudulmaz şəxsiyyət 300-dən çox xalq mahnısını nota salıb, marş, kantata, fantaziya, mahnı və romanslar, kamera və xor əsərləri yazıb.
tag: Üzeyir Hacıbəyli ,Musiqi Günü ,Azərbaycan, Mədəniyyət,Beynəlxalq Musiqi Festivalı ,todaypress.az,