Azərbaycanda ilk dəfə Çili ədəbiyyatına aid pyesin təqdimatı keçirildi
Mədəniyyət
05.07.2024 01:44
İyulun 3-də Kapellhaus səhnəsində
çilili dramaturq Pablo Manzinin “Barbarların yaşadığı yer” pyesinin təqdimatı
olub.
TodayPress xəbər verir
ki, tədbirdə Çili Respublikasının ölkəmizdəki müvəqqəti işlər vəkili Ciankarlo
Alberti və CHARACTERS Müasir Dramaturgiya Festivalının təşkilatçısı İsmayıl
İman çıxış ediblər.
Ciankarlo Alberti bildirib ki,
Azərbaycanda ilk dəfədir Çili ədəbiyyatına məxsus əsərin təqdimatı keçirilir.
Bu baxımdan tədbir xüsusi əhəmiyyət daşıyır. O, həmçinin gələcəkdə Çili ilə Azərbaycanın
mədəni sahədə əlaqələrinin daha da genişlənəcəyinə inamını ifadə edib.
Pyes iştirakçılara Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri tərəfindən
çatdırılıb. Əsərin oxunuşuna Rus Dram və “Yuğ” teatrının rejissoru Tural
Mustafayev quruluş verib. Pyesin oxunuşundan sonra yaradıcı heyətin və
tamaşaçıların iştirakı ilə müzakirələr aparılıb.
Azərbaycan Dövlət “Yuğ”
Teatrının baş rejissoru Mikayıl Mikayılov, teatrşünas alimlər Aydın Talıbzadə və
Vidadi Qafarov oxunuş barədə öz fikirlərini bölüşüblər.
Qeyd edək ki, Pablo Manzinin
2015-ci ildə yazdığı pyes müasir dünyada zorakılıq və qorxu mövzusunu, cəmiyyət
daxilindəki sosial-siyasi fikir ayrılıqlarını gündəmə gətirir, miqrantların
problemlərinə və gender kimliyinə toxunur.
Pyesi ispan dilindən Azərbaycan
dilinə İlahə Əkbər tərcümə edib.
tag: Çili, todaypress.az, Təqdimat,Pyes, Teatr,