Azərbaycan mahnısını mənimsəyən erməni müğənninin mahnısı "YouTube"-dan silindi
Mədəniyyət
12.07.2024 21:30
Son günlər mediada sözləri və
musiqisi Azərbaycan bəstəkarı Bəhram Nəsibova məxsus olan “Qarabağ” (“Anadır
arzulara hər zaman Qarabağ”) adlı mahnının sözləri Qor Yepremyan tərəfindən dəyişdirilib
və onun ifasında “Sirun jan” adı altında “Armenian folk”, yəni “erməni xalq
mahnısı” qeydi ilə “Youtube” platformasında yerləşdirilib. Bununla əlaqədar
Əqli Mülkiyyət Agentliyi tərəfindən 2024-cü il 9 iyul tarixində geniş şərh, 10
iyul tarixində isə Mədəniyyət Nazirliyi ilə Agentliyin Birgə Bəyanatı yayılıb.
TodayPress xəbər
verir ki, Mədəniyyət Nazirliyi və Əqli Mülkiyyət Agentliyi əlavə olaraq
aşağıdakıları bildirir:
Qor Yepremyanın ifa etdiyi
“Sirun jan” adlı mahnının “Youtube” platformasından silinməsi ilə bağlı müvafiq
tədbirlər həyata keçirilməkdədir. Tədbirlər çərçivəsində Agentlik tərəfindən bəstəkar
Bəhram Nəsibovun vərəsəsi Adil Nəsibovun “Youtube” administrasiyasına müraciətinin
hazırlanmasında hüquqi yardım göstərilib, müraciət və müvafiq sübutedici sənədlər
ingilis dilinə tərcümə olunub. Agentliyin dəstəyi ilə qeyd edilən sənədlərin bəstəkarın
vərəsəsinin adından “Youtube” və digər rəqəmsal platformalarla iş üzrə
ixtisaslaşmış və Agentlikdə akkreditasiyadan keçmiş “Rəqəmli və Audiovizual
Yayım Sənayesi” İctimai Birliyi (RAYS) - https://rays.az/ tərəfindən “Youtube”a göndərilməsində
texniki yardım göstərilib.
Görülən tədbirlərin ilkin nəticəsi
olaraq, Gor Yepremyanın rəsmi “Youtube” səhifəsində (hüquq pozuntusuna səbəb
olan ilkin mənbədə) yerləşdirilmiş “Sirun jan” adlı mahnının video yazısı müəllif
hüquqularının pozulması səbəbindən “Youtube” rəhbərliyi tərəfindən silinib
(URL: https://www.youtube.com/watch?v=xbFwavNaTHI).
Hazırda “CD BABY” distribütor
şirkəti tərəfindən rəqəmsal musiqi platformalarında (“Youtube Music”,
“Spotify”, “Apple Music”, “Amazon Music”, “Deezer” və s.) yerləşdirilmiş “Sirun
jan” mahnısının digər audio və video yazılarının, hüquq pozuntusuna səbəb olmuş
ilkin mənbədən götürülərək törəmə mənbələrdə yerləşdirilmiş nüsxələrinin silinməsi
ilə bağlı müvafiq işlər aparılır.
Nəticə barədə əlavə məlumat veriləcəkdir.
tag: todaypress.az, Youtube, Qarabağ, Qor Yepremyan, Bəhram Nəsibov,