Aydın Kazımzadə: “Hazırkı durumdan məyusam” - Kinomuzun acınacaqlı dövrü

Mədəniyyət

03.08.2024 10:08

“Bu gün kinonun ümumi vəziyyəti heç də qənaətbəxş deyil”. 

Bu sözləri görkəmli kinoşünas, əməkdar incəsənət xadimi Aydın Kazımzadə TodayPress-ə danışarkən dedi. 

Kinoşünasın sözlərinə görə, ağır çəkili kino bu gün demək olar ki, heç yoxdur. Vəziyyət o yerdədir ki, kinostudiyanın rəhbəri özü ərizə yazıb işdən çıxır. Belə bir şey tarixdə olmayıb. Kino yoxdur, rəhbər də mühafizəçi deyil ki, boş-boşuna otursun binada:  

“Hozu”, “Stalinin başı”, “3 badam 1 qoz” kimi kinoların pulunu kim verir? Ayrı-ayrı adamlar. Ruslar yaxşı deyib: “Pulu kimi verir, musiqini də o sifariş edir”. Ona görə də nə tələb olunursa, o da çəkilir. Bu kimi kinoları sifariş verənlər öz səviyyələrini ortaya qoymuş olur”. 

Aydın Kazımzadə bildirdi ki, televiziyalar bu günə qədər müəyyən işlər görüblər. Amma kamil formada ssenarini yazıb ortaya qoyan adam hələ ki, yoxdur. Bu boşluğu aradan qaldırmaq üçün Kino Agentliyi yaradıldı. Bundan sonra ssenarilər üzrə müsabiqə elan etdilər. Ayrıca komissiya da formalaşdırıldı ki, həmin işlərə bir-bir baxsınlar. Lakin Bədii Şura komissiyanın seçdiyini bir kənara qoydu və öz bildiklərini etdilər:

“Bax bütün bunlar qarşısında hökümət nə edə bilər axı? Min dənə işləri var, oturub baxacaqlar ki, niyə Şurada şəffaflıq yoxdur? Dövlət bundan artıq nə etsin? Agentliyi də bəs ona görə yaratdılar ki, o vaxtkı kişilərin işlərini davam etdirsinlər. Amma bu qayğını dəyərləndirmədilər. Belə bir şəraitdə heç ortada kino olar? Nə qədər ki, bu sənətin rəhbərliyində "şəxsiyyət" olmayacaq, heç kino da olmayacaq”. 

63-cü ildən bu yana Kino Gününü təmtəraqla qarşılayan əməkdar incəsənət xadimi, bu gün heç sevinə bilmədiyini vurğuladı: 

“Azərbaycan kino tarixini dəyişmişəm, Milli kino tariximizin 1916-cı ildən deyil, məhz 1898-ci ildən başlanması faktını üzə çıxarıb sübuta yetirmişəm. Buna görə də Ulu Öndər və Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə mükafatlandırılmışam. Lakin mən hazırkı vəziyyətlə bağlı olduqca məyusam”.

Ekspertlərin fikrincə, ölkəmizdə dövrün tələb etdiyi mövzularda normal filmlər çəkilir. Amma Azərbaycan üçün bu gün çox vacib olan Qarabağ mövzusunda dünyaya çıxarılası layiqli bir filmimiz hələ də yoxdur. Bəzi filmlərdə bu mövzuya yer verilir, lakin çox səthi və epizodik xarakter daşıyır. Digər bir problem isə kinoteatrlarla bağlıdır. Əvvəllər paytaxtımızın küçələrini kinoteatrlara görə tanıyırdılar. O vaxtlar Bakıda 1 milyon əhali var idisə, indi 4 milyonu keçib. Lakin kinoteatrlar artmaq əvəzinə yoxa çıxıb. 

Mütəxəsislər bütün bunlara baxmayaraq, yaranmış vəziyyətin müvəqqəti xarakter daşıdığına və tezliklə aradan qalxacağına inanırlar.

Töhfə Səməd

tag: Kino, Azərbaycan, Aydın Kazimzadə, Kinoşünas, Televiziyalar, todaypress.az,

photo