Arzu Əliyeva film təqdimatında iştirak etdi
Martın 4-də Nizami Kino Mərkəzində Ümummilli
Lider Heydər Əliyevin Böyük Britaniya Krallığına rəsmi səfərlərinə həsr olunmuş
“Bir səfərin izi ilə - Böyük Britaniya” sənədli filminin təqdimatı olub.
TodayPress
xəbər verir ki, filmin təqdimatında Bakı Media Mərkəzinin prezidenti Arzu
Əliyeva iştirak edib.
Ekran
əsərinin nümayişindən əvvəl çıxış edən layihə rəhbəri, tanınmış səyyah və
jurnalist Azər Qərib bildirib ki, tamaşaçıları Ümummilli Lider Heydər Əliyevin
səfər etdiyi Böyük Britaniyanın tarixi şəhərləri - London vǝ Edinburqa aparan
film rəsmi səfərin qeyri-rəsmi tərəflərini göstərir. O qeyd edib ki, filmdə,
eyni zamanda, Ulu Öndərin Azərbaycanla Böyük Britaniya arasında dostluq
əlaqələrinin formalaşmasında oynadığı xüsusi rol barəsində tarixi faktlar
təqdim olunur.
Filmin
çəkilişləri London və Edinburq şəhərlərində aparılıb. Bu, Ümummilli Lider
Heydər Əliyevin səfərlərinə həsr olunmuş “Bir səfərin izi ilə” filmlər
toplusundan artıq dördüncü filmdir. Birinci film Ulu Öndərin İtaliya səfərinə,
ikinci film Yaponiya səfərinə, üçüncü film Çin səfərinə, dördüncü film isə
Böyük Britaniya səfərinə həsr olunub. Layihə çərçivəsində Heydər Əliyevin
müxtəlif xarici səfərləri və onların tarixi əhəmiyyəti işıqlandırılır.
“Bir
səfərin izi ilə” filmlər toplusu Ulu Öndər Heydər Əliyevin beynəlxalq səviyyədə
göstərdiyi fəaliyyəti, Azərbaycanın dünya dövlətləri ilə əlaqələrini
gücləndirmək üçün gördüyü işləri və ölkəmizin beynəlxalq nüfuzunu artırmaq üçün
atdığı addımları əks etdirir.
tag: Arzu Əliyeva, Film, Təqdimat, Media Mərkəzi, Britaniya, todaypress.az,