“Alış-verişlə millətin əxlaqını, sənətini pis günə qoydular” - Kinomuzun qlobal problemi - Müsahibə

Mədəniyyət

02.08.2024 11:27

“Bu kino ki var, çox qəliz məsələdir. Həm qəlizdir, həm də ki, vacib!”  

Bu gün Azərbaycan kinosu 126-cı ildönümünü qeyd edir. Enişli-yoxuşlu yol qət edən kinomuz bu günə qədər gəlib çıxmağı bacarıb. Təbii ki, digər sahələrdə olduğu kimi, kino sahəsində də müəyyən problemlər var. Mövcud problemlərin aradan qalxması üçün zamanla bu mövzuda diskusiyalar aparılır, təkliflər irəli sürülür. Amma..

Ammasını TodayPress-ə danışan Xalq artisti, kinorejissor Şeyx Əbdül Mahmudbəyovun fikrincə, hazırda müəyyən şəxslər kinonu öz şəxsi biznesinə çeviriblər:

“Alış-verişlə millətin əxlaqını, mənəviyyatını, sənətini pis günə qoyublar. Qəribədir ki, buna görə onlara heç bir cəza verilmir. Bəzi adamlar bundan sui-istifadə edib pul qazanırlar. Kimlərsə öz aralarında razılığa gəlib müəyyən pullar buraxırlar ki, guya bunlar kino çəkir. Sonra da millət bizi söyür”. 

Xalq artisti peşəkar kinonun bərpa olunmasının vacibliyini qeyd edib. Onun sözlərinə görə, bizimlə eyni dövrdə müstəqillik qazanan respublikalarda artıq milli kinolar, kinostudiyalar bərpa olunub. Lakin Azərbaycanda bəzi adamlar var ki, bu istiqamətdə süni əngəllər yaradırlar. Kinorejissor ölkəmizdə İkinci Qarabağ müharibəsinə dair yaxşı filmlərin çəkilməməsi ilə bağlı səsləndirilən tənqidlərə də diqqət çəkib. O, bildirib ki, müharibə filmi çəkmək ideoloji, siyasi, iqtisadi və insan taleyi baxımından böyük məsuliyyət tələb edən qlobal işdir: 

“Burada insanların ruhuna, əxlaqına, mənəviyyatına hansı psixoloji vasitələrlə təsir etməli olduğumuzu başa düşməliyik. Avtomatı belə atdılar, tank belə gəldi və s. belə müharibə filmi olmur. Müharibə insanların əzəli faciəsidir. Sağalmaz psixoloji yaralarıdır. İnsanların, körpələrin, vətənin, əxlaqın faciəsidir. Bunu kompleks şəkildə dərk edəndən sonra biz müharibə haqqında yaxşı film çəkə biləcəyik. Bu gün istəsək də, biz onu edə bilmirik. Onu edən prodakşınlardır ki, onların da elədikləri “üç badam bir qozdur”. İnsanlar da bundan narazıdır”. 

Xalq artistinin qənaətincə, arzusunda olduğumuz vətən, xalq, müharibə haqqında böyük kinolar ancaq bu sahənin peşəkar səviyyədə bərpa olunmasından sonra çəkilə bilər:

“Məşədi İbad”, “Arşın mal alan”, “Yeddi oğul istərəm” kimi filmlərimizə indi də oturub maraqla tamaşa edirik. Niyə indi elə filmlər çəkilmir? O kinostudiya, o cür tarix yazan ustadlar necə oldular? Hara getdilər onlar? Bu haqda danışan yoxdur. Hamı ancaq nəsə istəyir. Amma başa düşmürlər ki, ilk növbədə peşəkar kinostudiyamızı bərpa etməliyik. Bunun üçün lazımi materiallar, gənc və istedadlı yazıçılarımız, aktyorlarımız var. Sadəcə onları bir araya gətirmək, böyük kino camiyəmizi yenidən qurmalıyıq”.

Xatırladaq ki, Ümummilli lider Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli Sərəncamı ilə avqustun 2-si kino işçilərinin peşə bayramı – “Azərbaycan Kinosu Günü” kimi qeyd olunur.

Günəş Mərd

tag: Kino, Azərbaycan, Şeyx Əbdül Mahmudbəyov, Azərbaycan Kinosu, todaypress.az,

photo