“Aktyor evi”ni əsl evə çevirəcəyik” – İttifaqın yeni sədrindən açıqlama
Mədəniyyət
23.07.2024 16:25
“İttifaqda ilk işimiz zalı təmir etmək olacaq”.
Bunu Teatr Xadimləri İttifaqının yeni sədri Xalq artisti Hacı İsmayılov TodayPress-ə açıqlamasında deyib.
Onun sözlərinə görə, hazırda İttifaqın böyük zalı baxımsız vəziyyətdədir:
“Tavanlar qopup, çatlar əmələ gəlib. İstəyirik ki, heç olmasa bu yay ərzində oranı tamamilə təmir edib, aktyorlara təhvil verək. Səhnənin önünü də təmir etmək lazımdır. Bu da yəqin ki, bir az zaman alacaq”.
Xalq aristi qeyd edib ki, fəaliyyəti ərzində İttifaqın nəzdində yerləşən “Aktyor evi”nin əvvəlki şöhrətini də özünə qaytarmağa çalışacaq:
“Bu “Aktyor evi”ndə elə bir şərait yaratmaq istəyirik ki, aktyorlar bundan sonra gedib başqa yerlərdə çay, kofe içmək əvəzinə, gəlib burada dincəlib, istirahət etsinlər. Fürsətdən istifadə edib, bir-biri ilə görüşüb, yaradıcılıq söhbətləri etsinlər, buradan faydalansınlar. Yaxın perspektivdə əsas məqsədimiz “Aktyor evi”ni sözün əsl mənasında evə çevirməkdir”.
Qeyd edək ki, Hacı İsmayılov İttifaqın 22.07.2024-cü il tarixində keçirilən konfransında Teatr Xadimləri İttifaqının sədri seçilib. Ondan öncə bu vəzifəni Xalq artisti Azərpaşa Nemətov icra edib.
Günəş Mərd
tag: Aktyor, İttifaq, Hacı İsmayılov,Azərpaşa Nemətov , todaypress.az,