Ağstafada 3500 il əvvələ aid Qafqazda ilk ritual ibadətgah yeri tapıldı
Mədəniyyət
03.07.2024 06:00
Ağstafa rayonundakı “Tava təpə”
abidəsində Azərbaycan-İtaliya Beynəlxalq arxeoloji ekspedisiyası tədqiqat işləri
aparır. 3 ildir aparılan arxeoloji tədqiqatlar artıq öz nəticəsini verib.
Araşdırmalar zamanı məlum olub ki, son tunc, ilk dəmir dövrünə aid abidədəki
ibtidai ritual tikili qalığı olan ibadətgah öz unikallığına görə tək ölkəmizdə
deyil, bütövlükdə Qafqazda ilk tapıntı hesab olunur.
TodayPress xəbər verir
ki, “Tava təpə” abidəsi Ağstafa rayonunun Aşağı Kəsəmən kəndində, Kür çayından
1,5 km aralıda yerləşir. Son tunc, ilk dəmir dövrünə aid abidə Xocalı-Gədəbəy mədəniyyətinə
məxsus tayfaların məskunlaşdığı ərazi olub.
3500 illik yaşı olan “Tava təpə”
abidəsində aparılan qazıntı işlərinin nəticəsində məlum olub ki, bura Qafqazda
hələlik ilk aşkar edilən ibadətgah yeridir. Eyni zamanda abidə unikal coğrafi
yerləşmə mövqeyinə görə də diqqəti cəlb edir. Strateji əhəmiyyətli abidənin Kür
çayına yaxın olması bura insanların daha çox gəliş-gedişi üçün səbəblərdən biri
olub.
İtaliyadan gələn arxeoloji
ekspedisiyanın rəhbəri Nikola Laneri deyir ki, abidə onları unikallığı ilə təəccübləndirib.
3 illik birgə qazıntıların bəhrəsini görməyə başlayan arxeoloqlar builki
qazıntılar zamanı maraqlı tapıntı aşkar ediblər. “Buradan unikallığı ilə seçilən
tikili tapdıq. Bu hissə həmin dövrün yeməkxanası kimi fəaliyyət göstərib. Lakin
ritual xarakterlidir. İnsanlar 3500 il əvvəl bura gəlib, yemək yeyiblər. Bura
bir növ yeməkxana kimi fəaliyyət göstərib. Amma bütün Qafqaza xidmət edib. Müxtəlif
yerlərdən bura gələn insanlar qidalanıb, daha sonra da ritual həyata keçiriblər.
Buradan heyvan sümüklərini də tapdıq. Biz C-14, C-15 analizləri etdik. Hazırda
antropatoloqlar və digər mütəxəssislərlə birgə araşdırma aparırıq”- deyə,
Kataniya Universitetinin professoru, italiyalı arxeoloqların rəhbəri Nikola
Laneri bildirib.
Tədqiqatlarda iştirak edən
beynəlxalq arxeoloji ekspedisiyanın tərkibində İtaliyanın Kataniya
Universitetindən başqa Florensiya şəhərində yerləşən elmi-tədqiqat mərkəzindən
də mütəxəssislər də fəaliyyət göstərir.
Qazıntılar zamanı “Tava təpə”dən
ərzaq və çörək istehsalı mərkəzi, quyular, böyük ərzaq ehtiyatlarının
saxlanması üçün yerlər, ocaq qurğuları, yüksək temperaturda bişmiş gil və
torpaq hissələri, dən üyütmək üçün alətlər, çörəyin üzərinə xüsusi naxışlar
vurmaq üçün gil möhürlər aşkar edilib. “Builki tədqiqatlarda aşkar olunan ən
vacib nümunələrindən və ərazilərindən biri aşkar olunmuş ibtidai ritual tikili
qalığıdır. Yəni, dini ibadətgahdır. Bu öz unikallığına görə Qafqazda hələ ki bu
tipdə abidə aşkar olunmayıb. Tapıntı son tunc, ilk dəmir dövrünə aiddir. Yalnız
biz bütün abidəni yox, bu dini ritual sahənin yaşayış yerindən bütöv halda yüzlərlə
saxsı qab tapılıb. Bu, yaşayış yeri üçün xarakterik deyil. Nadir hallarda saxsı
qab bütöv olur. Belə qənaətə gəlirik ki, saxsı qabları bura ritual üçün gətirib,
onu bütöv halda burada qoyub gediblər. O baxımdan yalnız bu hissədə yüzlərlə
saxsı qab tapılıb. Ümumilikdə tapıntıların sayı mindən çoxdur”- deyə, Azərbaycan-İtaliya
Beynəlxalq arxeoloji ekspedisiyanın rəhbəri Bəxtiyar Cəlilov vurğulayıb.
Tədqiqat zamanı ərazidə aşkar
olunan saxsı qabların bərpası və restavrasiyası, onların qrafik təsviri həyata
keçirilir. Analiz üçün çoxsaylı nümunələr götürülərək İtaliyanın qabaqcıl
laboratoriyalarına göndərilib. Həmçinin ağac qalıqları və torpağın polinoloji
analizləri aparılır. Əldə edilən nəticələr məqalə şəklində dərc olunacaq.
tag: todaypress.az, Ağstafa, Qafqaz, Tava təpə, Abidə,