2024-cü ildə vəfat edən məşhurlar
2024-cü il bir sıra mədəniyyət və incəsənət xadimlərinin itkiləri ilə də yadda qaldı. Onlar arasında məşhur müğənnilər, yazıçlar, rejissorlar, meyxanaçılar, aktyorlar və s. var.
TodayPress ötən il dünyasını dəyişən sözügedən məşhurları təqdim edir:
2024-cü ilin yanvarında 5-ində 62 yaşlı qarmon ifaçısı Əməkdar artist Gülbahar Şükürlü xərçəng xəstəliyindən vəfat edib.
2024-cü yanvarın 6-da isə Əməkdar artist Aygün Bəylər dünyasını dəyişib. Xərçəng xəstəliyindən əziyyət çəkən 48 yaşlı muğam ifaçısı Ankarada vəfat edib.
Tanınmış heykəltaraş, Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı, Prezident təqaüdçüsü Telman Zeynalov yanvarın 12-də vəfat edib. Sənətkarın II Dünya müharibəsində həlak olan hərbçilərin xatirəsinə hazırladığı və Lənkəranda ucaldılan monument (1978) respublikanın Dövlət mükafatına layiq görülüb.
2024-cü ildə yazıçılar arasında da dünyasını dəyişənlər olub. Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru, professor Çingiz Hüseynov yanvarın 9-da vəfat edib. O, əsərlərini iki dildə - Azərbaycan və rus dillərində yazıb.
Xalq yazıçısı Mövlud Süleymanlı isə fevralın 21-də gözlərini əbədi yumub. Yazıçı "Əməkdar incəsənət xadimi" və "Xalq yazıçısı" fəxri adlarına, "Şöhrət" və "Şərəf" ordenlərinə layiq görülüb. 2008-ci ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olub.
Tanınmış baletmeyster, Xalq artisti Rəfiqə Axundova fevralın 16-da vəfat edib. Azərbaycan balet sənətinin və milli xoreoqrafiyanın inkişafındakı xidmətləri yüksək qiymətləndirilən Rəfiqə Axundova 1958-ci ildə "Əməkdar artist", 1970-ci ildə "Xalq artisti" fəxri adlarına, eləcə də "Şərəf nişanı" ordeni (1959) və müstəqil Azərbaycanın "Şöhrət" ordeninə (2021) layiq görülüb.
Tanınmış müğənni, Azərbaycanın və Tacikistanın Xalq artisti Leyla Şəripova fevralın 19-da Almaniyanın Düsseldorf şəhərində vəfat edib. L.Şəripovanın repertuarında türk, əfqan, Azərbaycan, türkmən, ərəb, fars, özbək və ispan mahnıları yer alıb.
Martın 16-da Əməkdar artist Sahibə Əhmədova vəfat edib. S.Əhmədovanın ifasında "Bayatı-Şiraz", "Çahargah", "Şur", "Segah", "Orta Mahur", "Mahur-hindi", "Rahab", "Bayatı-kürd", "Qatar", "Şahnaz" muğam dəstgahları, "Qarabağ şikəstəsi", "Arazbarı", "Simayi-Şəms" kimi zərbi-muğamları lentə alınıb və bir çoxu Azərbaycan Televiziyasının Qızıl Fondunda saxlanılır.
Tanınmış teatr və kino aktyoru, Əməkdar artist Rahib Əliyev mart 28-də vəfat edib. Sənətkar dəfələrlə Prezident mükafatçısı olub.
Sumqayıt Dövlət Dram Teatrının quruluşçu rejissoru, Əməkdar artist Namis Şirməmmədov aprelin 12-də uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
Ötən ilin əvvəlində vəfat edən sənətçilərdən biri də Əməkdar artist Cavanşir Məmmədov olub. Aprelin 20-də ürəktutmasından dünyasını dəyişən C.Məmmədovun qəfil ölümü hamını təəccübləndirib.
Teatr dünyasında növbəti itki Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında fəaliyyət göstərən Xalq artisti Tofiq Mövləvinin ölümü ilə baş verib. 86 yaşlı aktyor ötən ilin mayında vəfat etdi.
Lənkəran Dövlət Dram Teatrının aktyoru, Əməkdar artist Niftulla Əsgərov yanvarın 22-də uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Sözügedən teatrın aktyoru Əməkdar artist Zemfira Nəcəfova isə avqustun 1-də 74 yaşında vəfat edib.
Aktrisa Elmira Hüseynova isə avqustun 28-də əbədiyyata qovuşub. O, uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkib.
Əməkdar artist Kifayət Gəncəli də 2024-cü ildə həyatla vidalaşanlar sırasındadır. O, bu ilin sentyabrında ürək çatışmazlığından vəfat edib. Qeyd edək ki, Əməkdar artistin Azərbaycan Televiziyasının Qızıl fondunda 300-ə yaxın səs yazısı qorunub saxlanılır.
Bu il xərçəngdən dünyasını dəyişən məşhurlardan biri də Əməkdar artist Rafiq İbrahimovdur. Sentyabrda uzun sürən xərçəng xəstəliyindən sonra vəfat edən Əməkdar artist Bakı Bələdiyyə Teatrının aktyoru olub.
Oktyabrın 26-da Xalq artisti, opera müğənnisi Şahlar Quliyev uzun sürən xəstəlikdən sonra dünyasını dəyişdi. Şahlar Quliyev eyni zamanda Prezident təqaüdçüsü idi.
Tanınmış kino rəssamı, Xalq rəssamı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Rafiq Nəsirov noyabrın 29-da vəfat edib. O, 2000-ci ildə "Əməkdar rəssam", 2007-ci ildə "Xalq rəssamı" fəxri adlarına, Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə isə 2017-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.
2024-cü ildə meyxanaçılar arasında da itkilər baş verib. Meyxanaçı Elnur Valeh ilin iyulunda yerləşdirildiyi xəstəxanada komaya düşüb və həyatını itirib. 2023-cü ildə insult keçirən Xəyyam Əhmədli isə ağır ürək problemləri ilə üzləşib. Əməliyyat olunması üçün 70 000 AZN-dən çox pul yığılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
2024-cü ildə Türkiyə sənət və mədəniyyət aləmində bəzi məşhurlar vəfat edib. Onlar arasında Tolqa Savacı, Murat Soydan, Kayhan Yıldızoğlu, Tuncay Akça kimi məşhur aktyorlar, Ayla Algan və Bahar Öztan kimi aktrisalar var.
Oynadığı rollarla yaddaşlarda iz qoyan məşhur fransız aktyoru Alen Delonun da ölümü ötən ilə təsadüf edib. Aktyor avqustun 18-də 88 yaşında vəfat edib.
İyunun 20-də məşhur kanadalı teatr, kino və televiziya aktyoru Donald Sazerlendin ölümü ilə bağlı xəbərlər yayılıb. Sazerlend 1970-ci illərdə Qızıl Qlobus nominasiyası aldığı "Hərbi-səhra xəstəxanası" filminin nümayişi sayəsində populyarlıq qazanıb.
Hollivud ulduzu Cina Roulends avqustun 15-də 94 yaşında vəfat edib. Aktrisa 4 "Emmi" mükafatının və 2 "Qızıl Qlobus" mükafatının qalibidir.
Məşhur "Görüş yerini dəyişmək olmaz" filminin rejissoru Leonid Burlaka sentyabrın 17-də vəfat edib. Onun ölümünə səbəb ağır və uzun sürən xəstəlik olub.
Amerikalı ssenarist və rejissor, Oskar mükafatçısı Robert Taun iyulun 1-də 89 yaşında vəfat edib. İlin sonlarında isə "Romeo və Cülyetta" filmində Cülyetta obrazını canlandıran britaniyalı aktrisa Oliviya Hussi 74 yaşında və "Harri Potter" filmlərində professor Makqonaqal obrazı ilə tanınan britaniyalı aktrisa Meqqi Smit 89 yaşında dünyasını dəyişib.
Günəş Mərd
tag: Vəfat, Məşhurlar, İncəsənət, Aktyor, todaypress.az,