Yerin daxili nüvəsi dəyişir – ARAŞDIRMA
Yer kürəsinin ən sirli hissələrindən biri ayağımızın altındadır – planetin daxili nüvəsi. Dəmir və nikel tərkibli bu isti, bərk kürə Ayın təxminən 70%-i qədər böyüklüyə malikdir. Son araşdırmalar göstərib ki, bu sıx mərkəz öz fırlanma istiqamətini dəyişib. İndi isə alimlər onun formasının da dəyişdiyinə dair sübutlar tapıblar.
TodayPress xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.
Məlumata görə, tədqiqatçılar bu qənaətə güclü zəlzələlərin planetin nüvəsinə təsirini araşdıraraq gəliblər. Lakin narahatlığa əsas yoxdur – bu forma dəyişiklikləri Yer üzündəki həyatı birbaşa təsirləndirməyəcək.
Bununla belə, zamanla daxili nüvədə baş verən dəyişikliklər planetin maqnit sahəsinə təsir göstərə bilər. Bu sahə Yer kürəsini Günəş şüalarının zərərli təsirlərindən qoruyur və bir çox heyvanın miqrasiyasına kömək edir.
Məsələn, dəniz tısbağaları – xüsusilə də iri başlı tısbağalar okeanları keçərək inanılmaz miqrasiya səfərləri edir. Onlar naviqasiya üçün Yer kürəsinin maqnit sahəsindən istifadə edirlər: maqnit xəritəsi onların yerləşdikləri yeri müəyyən etməyə kömək edir, maqnit kompası isə doğru istiqaməti tapmağa imkan verir.
Son araşdırmalar göstərib ki, bu tısbağalar maqnit sahələrini yadda saxlayaraq, miqrasiya etdikdən sonra yemək tapmaq üçün istifadə edirlər. Maraqlıdır ki, balaca iri başlı tısbağalara tanış maqnit siqnalları verildikdə, yemək yedikləri yerləri xatırlayır və xüsusi bir “rəqs” edirlər.
Qiymət Mahir
tag: Yer,Planet,Daxili nüvə,Araşdırma,Maraqlı,todaypress.az,