Yer yeni iqlim dövrünə qədəm qoydu

Maraqlı

11.02.2025 16:53

1483

Beynəlxalq alimlər qrupu 2024-cü ildə qlobal temperaturun rekord həddə çatdığını müəyyən edib.

TodayPress xəbər verir ki, bu barədə “Nature Climate Change” (NCC) jurnalı məlumat dərc edib.

Bildirilir ki, Paris sazişi ilə müəyyən edilmiş 1,5°C həddi iqlim risklərinin qiymətləndirilməsində əsas rol oynayır. Temperaturun daha da yüksəlməsi tez-tez ekstremal hava hadisələrinə, dəniz səviyyəsinin qalxmasına və canlı aləminin bir çox növlərinin nəslinin kəsilməsinə səbəb olur.

Qeyd edək ki, Ümumdünya Meteorologiya Təşkilatının məlumatına görə, 2024-cü il qlobal temperaturun 1,5°C-dən çox olacağı ilk təqvim ili ola bilər. Bununla belə, Paris sazişi həddinin rəsmi olaraq aşılması 20-30 il ərzində orta qiymətlə müəyyən edilir. Hazırda orta temperatur təxminən 1,3°C artıb.

Tədqiqatçılar qrupu kompüter modelləşdirməsindən istifadə edərək, birdəfəlik 1,5°C-dən artıq temperaturun uzunmüddətli iqlim dəyişikliyinə "erkən xəbərdarlıq" kimi xidmət edə biləcəyi qənaətinə gəliblər. Onlar hesab edirlər ki, 2024-cü il artıq bu həddi keçibsə, dünya çox güman ki, 20 illik 1,5°C istiləşmə dövrünə qədəm qoyub.

“2024-cü ildə bu həddi keçmək o deməkdir ki, yaxın 10 ildə bəşəriyyət istixana qazlarının emissiyalarını azaltmaq üçün təcili tədbirlər görülməsə, bu həddi rəsmən keçəcək” deyə tədqiqat müəllifləri yekunlaşdırıblar.

Həmçinin alimlər xəbərdarlıq edirlər ki, 1,5°C istiləşmə mərcan riflərinin 90%-nin, quru növlərinin isə 14%-nin məhv olması riskini artırır. Temperatur 2°C-ə qədər yüksəlməyə davam edərsə, bu, Arktika buzunun əriməsinə, metanın buraxılmasına və qlobal dəniz səviyyəsinin bir neçə metr yüksəlməsinə səbəb ola bilər.

Alimlər qeyd edib ki, təcili tədbirlər görülməsə, 2024-cü il anomaliyalar ili kimi deyil, risklərin yalnız artacağı yeni iqlim erasının başlanğıcı kimi yadda qalacaq.

Aysel Mətləb

tag: Beynəlxalq alimlər qrupu,Qlobal temperatur,“Nature Climate Change” ,Paris sazişi,todaypress.az,