Yer üzündə həyatın ən qədim izləri təkzib edildi
Maraqlı
10.08.2024 11:49
Ottava, Karleton və London Universitetlərinin alimləri Nunatsiavutda (Labradorun şimalı) Saglek-Hebron geoloji kompleksinin qədim süxurlarında tapılan qrafitin qədim canlı orqanizmlərin fəaliyyətinin nəticəsi olması fikrini təkzib ediblər.
TodayPress xəbər verir ki, araşdırmanın nəticələri “Nature Communications” jurnalında dərc olunub.
Tədqiqatçılar Nunatsiavutda toplanmış üç qrafit nümunəsini təhlil etmək üçün petroqrafik, geokimyəvi və spektroskopik üsullardan istifadə ediblər. Petroloji xarakteristikası Ottava Universitetində, karbon spektroskopik analizi isə London Universitetində aparılıb. Bu üsullar qrafitin quruluşunu və tərkibini, eləcə də onun mənşəyini ətraflı öyrənməyə imkan verib.
Tədqiqatın nəticələri göstərib ki, təxminən 3,9 milyard il yaşı olan süxurlarda tapılan qrafit, çox güman ki, təkhüceyrəli mikroorqanizmlərin fəaliyyəti ilə deyil, yüksək temperaturda (500 dərəcədən çox) metamorfik mayelərin iştirak etdiyi proseslər nəticəsində əmələ gəlib.
Əlavə təhlillər nəticəsində məlum olub ki, qrafit kristallaşma dərəcəsi süxur metamorfizminin səviyyəsi ilə əlaqələndirilir. Bu, Saglek-Hebron kompleksinin qədim süxurlarında qorunub saxlanılan karbonlu materialların transformasiyasında metamorfizmin əsas rol oynadığını təsdiqləyir.
Qeyd edək ki, Saglek-Hebronun çöküntü süxurlarında aşkar edilən qrafit əvvəllər Yerdəki həyatın ən qədim izləri hesab olunurdu.
Töhfə Səməd
tag: Ottava, Karleton, London,Saglek-Hebron,Yer, todaypress.az,