Yeni arxeoloji nəzəriyyə: Pul niyə yaradıldı?

Maraqlı

17.02.2025 15:20

2888

Arxeoloq Mikael Fovel pulun mənşəyi ilə bağlı yeni və inqilabi bir nəzəriyyə irəli sürüb. O, hesab edir ki, pul ilk növbədə uzaq məsafələrdə ticarət aparmaq üçün yaranıb. Bu yanaşma ənənəvi nəzəriyyələrə meydan oxuyur.

TodayPress xəbər verir ki, bu haqda Fovel “Journal of Archaeological Method and Theory” də məqalə dərc edib.

Uzun illərdir alimlər pulun mal mübadiləsini asanlaşdırmaq üçün yaranıb-yaranmadığını və ya dövlət tərəfindən hesablama vahidi kimi icad edilib-edilmədiyini müzakirə edirlər. Fovel isə hər iki yanaşmanı birləşdirərək “ticarət nəzəriyyəsi” adlandırdığı yeni konsepsiya təklif edib.

Onun fikrincə, insan qrupları uzaq səfərlərə çıxdıqda, dil maneələri səbəbindən ticarət aparmaq üçün vahid mübadilə vasitəsinə ehtiyac duyublar.

“Pulun mənşəyini araşdırmaq üçün çox maraqlı bir dövrdəyik” deyə Fovel məqalədə yazıb.

Ənənəvi nəzəriyyələr pulu ya sadəcə mübadilə vasitəsi, ya da dövlətin icadı kimi izah edir, lakin bu yanaşmalar dövlətlər yaranmamışdan əvvəl mövcud olan valyutaları izah etməkdə çətinlik çəkir. Fovel iddia edir ki, pul daxili iqtisadi sistemin deyil, xarici ticarətin nəticəsi olaraq formalaşıb. Uzaq məsafələrdə aparılan ticarət müxtəlif xalqlar arasında ödəmə sisteminə ehtiyac yaradıb.

Bu nəzəriyyəni sübut etmək üçün o, iki tarixi nümunə gətirir: Qədim Şimali Amerikanın qərb hissəsində dəniz qabıqlarından hazırlanan muncuqlar valyuta kimi istifadə olunurdu və Qərbi Avropada ticarət dövriyyəsində bürünc və mis külçələr işlədilirdi.

Hər iki bölgədə uzun məsafələrə uzanan ticarət yolları var idi və müxtəlif mədəni, siyasi və dil sərhədləri aşılırdı. Fovel bildirib ki, o dövrdə tacirlərin bir-biri ilə yenidən görüşəcəyinə zəmanət yox idi. Buna görə ödəmələrin gecikməsi mümkün deyildi və effektiv mübadilə vasitəsinə ehtiyac var idi. Onun nəzəriyyəsi bəzi alimlər tərəfindən tənqid edilsə də, Fovel qeyd edib ki, o dövrün tacirləri müasir anlamda “pul” daşımırdı. Onların istifadə etdiyi valyuta həm də bir əmtəə idi və zamanla real pula çevrildi. 

Qiymət Mahir

tag: Qədim,Pul,Araşdırma,Nəzəriyyə,Todaypress.az,