"Yeməli" robotlar gəlir
Maraqlı
18.06.2024 00:00
Son illərdə "yeməli" texnoloji cihazlarla bağlı araşdırmalar getdikcə sürətlənir. "Yeməli" robotlar elektron tullantıların miqdarını azaltmaq potensialı ilə seçilir.
TodayPress xəbər verir ki, robotları və qidaları bir araya gətirmək məqsədi ilə 2021-ci ildə RoboFood layihəsini başladan elm adamları, bu sahədə aparılan araşdırmaları dəyərləndirir və tədqiqatları zamanı yaranan maneələrdən bəhs edirlər.
İsveçrədəki "École Polytechnique Fédérale de Lausanne" (EPFL) təşkilatından Dario Floreano deyir ki, “Biz hələ də "yeməli" inqrediyentlərin hansı qeyri-yeməli olanlarla birgə fəaliyyətini anlamağa çalışırıq”.
Məsələn, elektron cihazlarda rezin əvəzinə jelatindən istifadə oluna bilər və ya şokoladdan hazırlanan lentlər rütubətli mühitlərdə robotları qoruya bilər.
Keçən ilin oktyabr ayında İtaliya Texnologiya İnstitutunun (IIT) tədqiqatçıları dünyanın ilk yenidən təkrar doldurula bilən və yeməli batareyasını hazırladılar. TIME-ın 2023-cü ilin “Ən Yaxşı İxtiralar” siyahısına namizəd olan batareyanın dirəklərində vitamin B2-dən istifadə olunub.
Aktivləşdirilmiş karbon elektronların daşınmasını təmin edərkən, qısa qapanmanın qarşısını almaq üçün nori dəniz yosunundan istifadə edilmişdi. Bu 4 santimetrlik akkumulyator 0,65 voltla işləyir, həzm olunsa belə insan orqanizmi üçün heç bir təhlükəyə səbəb olmayacaq. Bundan əlavə, onlardan ikisi təxminən 10 dəqiqə işıq yayan diodu gücləndirə bilər.
Alimlər bu kəşfləri daha da təkmilləşdirməkdə bəzi maneəlrlə rastlaşdıqlarını deyirlər. Bu yaxınlarda dərc edilən araşdırmanın müəlliflərindən biri Bokeon Kvak deyir ki, “Ən böyük texniki problem, batareya və sensorlar kimi elektriklə idarə olunan hissələrin hərəkət üçün mayelərdən və yüksək təzyiqdən istifadə edən hissələri, məsələn aktuatorlar ilə birləşdirməkdir”.
Bundan əlavə, insanların öz-özünə reaksiya verən və hərəkət edən emal olunmuş qidaları necə qəbul etdikləri məlum deyil. Həmçinin bu cihazların yeyilməsinin sağlamlığa hansı təsirlərinin olacağını hərtərəfli öyrənmək lazımdır.
GÜNEL
tag: Robot, Texnoloji cihaz, İtaliya, Tədqiqat, todaypress.az,