Unudulmuş Hindistan şah əsəri rekord qiymətə satıldı
Hindistanlı modernist rəssam M.F. Hüseynin illərlə unudulmuş şah əsəri – “Qram Yatra” adlı yağlı boya tablosu incəsənət tarixini yenidən yazdı.
TodayPress xəbər verir ki, bu barədə “BBC News” məlumat yayıb.
Həftə ərzində Nyu-Yorkdakı “Christie’s” hərracında 14 fut enində olan bu əsər 13,8 milyon dollara satılıb. Bu satış Hindistan incəsənəti tarixində yeni rekord müəyyən edib. Əvvəlki rekord 2023-cü ildə Amrita Şerqilin “Nağılçı” adlı əsərinin 7,4 milyon dollara satılması ilə qeydə alınmışdı.
2011-ci ildə 95 yaşında vəfat edən M.F. Hüseyn Hindistan modernizminin banilərindən biri sayılır və bu gün də ölkənin rəssamları üçün ilham mənbəyidir. 2006-cı ildə bəzi hindu radikal qrupların onun dini obrazlarına etiraz etməsi səbəbindən Hindistanı tərk etmişdi.
Rekord məbləğə satılan “Qram Yatra” tablosu 1954-cü ildə çəkilib və adını daha sonralar alıb. Maraqlıdır ki, bu əsər 50 ilə yaxın müddətdə Norveçdə bir xəstəxananın divarında asılı qalıb və diqqətdən kənarda qalıb. İndi isə Cənubi Asiya müasir incəsənətinin əsas əsərlərindən biri hesab olunur.
Hüseyn bu tablosunda Hindistan kənd həyatının 13 səhnəsini əks etdirib: yemək bişirən, uşaqlara baxan, öküz arabasında gedən qadınlar kimi gündəlik həyatdan görüntülər yerli xalq sənəti ilə modernizmin harmoniyası şəklində təqdim edilib. Əsərdə parlaq və torpaq tonlarında rənglərdən istifadə olunub və o, Hindistan miniatür sənətinin süjetli strukturunu xatırladır.
Qiymət Mahir
tag: Hindistan,Rəssam,Əsər,Rekord,Satış,todaypress.az,