Süd Yolu ilə Andromeda Qalaktikası toqquşacaq

Maraqlı

15.08.2024 20:15

Helsinki Universitetinin alimləri Süd Yolu ilə Andromeda Qalaktikası arasında toqquşma ehtimalını müəyyən ediblər. 

TodayPress xəbər verir ki, bu barədə Universitetin arxiv bölməsi məlumat yayıb. 

Astronomlar müxtəlif amilləri, o cümlədən digər qalaktikaların qravitasiya təsirini qiymətləndiriblər. Onların hesablamalarına görə, yaxın 10 milyard il ərzində iki qalaktikanın toqquşma ehtimalı cəmi 50 faizdir.

Tədqiqatçılar cazibə nəzəriyyəsindən istifadə edərək qalaktikalar arasında mürəkkəb dinamik qarşılıqlı əlaqəyə baxıblar. “M33” (Üçbucaq Qalaktikası) və “Böyük Magellan Buludu” (LMC) kimi qalaktikalar Andromeda və Süd Yolu ilə müqayisədə ölçülərinə görə daha kiçik olsalar da, daha böyük qalaktikaların trayektoriyalarına və potensial orbital manevrlərinə əhəmiyyətli dərəcədə təsir göstərə bilirlər.

Yerdən təxminən 2,7 milyon işıq ili uzaqlıqda olan “M33” 40 milyard ulduzdan ibarətdir. Bu, Süd Yolunda olan ulduzların təxminən 40 faizidir. “Böyük Magellan Buludu” isə təxminən 20 milyard ulduzu özündə ehtiva edir. 

Məlum olub ki, Süd Yolu və Andromedanın toqquşması əvvəllər düşünüldüyü kimi qaçılmaz deyil. Lakin dörd əsas qalaktikanın bir-birinə yaxın olmasına baxmayaraq, fırlanma sürəti və aralarındakı məsafə haqqında dəqiq məlumatların yoxluğu, müfəssəl hesablamaların aparılmasını çətinləşdirir. Bu da universitet tərəfindən reallaşdırılan tədqiqatın ehtimal xarakterli qalması ilə nəticələnir.

Töhfə Səməd

tag: Andromeda Qalaktikası, Süd Yolu, Toqquşma, Qalaktika,Helsinki, todaypress.az,