Stress və xərçənglə mübarizənin effektiv üsulu nədir?

Maraqlı

02.09.2024 12:42

Fiziki fəaliyyət immun və hormonal sistemlərin fəaliyyətini yaxşılaşdırır, stressdən qoruyur və xərçəng riskini azaldır. 

TodayPress xəbər verir ki, bu barədə İspaniyanın San Xorxe Universitetinin alimləri araşdırma aparıblar.

Alimlərin fikrincə, məşq əhval-ruhiyyəni və ümumi rifahı yaxşılaşdıran, həmçinin stress səviyyəsini azaldan endorfin hormonlarının istehsalını təşviq edir. Araşdırmalar göstərir ki, xroniki stress orqanizmin immun və hormonal sistemlərinə dağıdıcı təsir göstərir. Bu mənfi təsir xərçəng ehtimalını artırır və müalicəni ləngidir.

Alimlər aydınlaşdırıblar ki, stress təkcə xərçəng hüceyrələrinin sayının artmasına kömək etmir, həm də təbii apoptoz prosesinə - zədələnmiş və ya anormal hüceyrələrin aradan qaldırılmasına mane olur. Bundan əlavə, həddindən artıq emosional gərginlik vəziyyətində insanlar daha çox pis vərdişlər (siqaret çəkmək, qeyri-sağlam qidalanma, oturaq həyat tərzi) formalaşdırırlar ki, bu da xərçəngin inkişaf riskini daha da artırır. 

Tədqiqatçılar qeyd ediblər ki, yaxşı fiziki formada olan xəstələr kimyaterapiyaya daha rahat alışırlar. Əzələ kütləsi orqanizmin xəstəlikdən sağalmasında və immun funksiyasının saxlanmasında mühüm rol oynayır. Üzgüçülük və qaçış kimi aerobik məşqlər də xərçənglə mübarizə aparmağa kömək edir.

Töhfə Səməd

tag: Stress ,Xərçəng ,Əsəb, Alimlər ,Araşdırma, Xəstəlik ,todaypress.az,