Şotlandiyada dinozavr qalıqları tapıldı
Böyük Britaniya və ABŞ-dən olan beynəlxalq paleontoloqlar qrupu təxminən 50 il əvvəl Şotlandiyanın Skye adasında tapılan fosilləri tədqiq ediblər.
TodayPress xəbər verir ki, tədqiqat Edinburq Kral Cəmiyyətinin “Earth and Environmental Science Transactions” elmi jurnalında dərc olunub.
Onlar təxminən 166 milyon il əvvəl yaşamış qədim dinozavrların yeni növünü araşdırdıqları qənaətinə gəliblər.
Belə ki, yaxınlıqdakı kəndin adı ilə - "Elqol dinozavrı" ləqəbiylə tanınan fosil 1973-cü ildə uçurumun ətəyində aşkar edilib.
Lakin onu yalnız 2018-ci ildə çıxarmaq mümkün olub. Tapıntıya onurğa, qabırğa və bud sümüyünün fraqmentləri daxildir.
Bu, Şotlandiyada indiyə qədər aşkar edilmiş ən qədim dinozavr fosili hesab edilir. Tədqiqatçılar dinozavrın Yura və Təbaşir dövrlərində yaşamış bitki yeyən dinozavrlar qrupuna aid ola biləcəyini bildiriblər.
Əgər ornitopod olduğu təsdiqlənərsə, tapıntı bu qrupun dünyanın ən qədim fosillərindən biri ola bilər.
Aysel Mətləb
tag: Şotlandiya,Dinozavr,Qalıqlar,166 milyon il,Kəşf,Todaypress.az,