Sirli UFO qalaktikaları kəşf edildi

Maraqlı

25.11.2024 17:12

Kolorado Boulder Universiteti və digər elmi qurumlardan olan astrofiziklər qrupu Ultra-Qırmızı Yastı Obyektlər (UFO) kimi tanınan sirli qalaktikaları tədqiq ediblər. 

TodayPress xəbər verir ki, bu qalaktikalar “James Webb Kosmik Teleskopu”ndan alınan görüntülərdə aşkar edilib və tədqiqatın nəticələri “The Astrophysical Journal”da dərc olunub.

UFO-lar çox az görünən, lakin aktiv şəkildə infraqırmızı radiasiya yayan qırmızı qalaktikalardır. Əvvəllər onları təqib etmək çox çətin idi. Çünki astrofiziklər UFO-ları yalnız görünən işığı aşkar edə bilən “Hubble” Kosmik Teleskopu tərəfindən kəşf etməyə çalışırdılar. Bu isə ciddi çətinliklər yaradırdı. 

Əldə edilən məluamtların təhlili göstərib ki, bu qalaktikalar forma və ölçü baxımından Süd Yolu ilə oxşardır, lakin daha tozludur. Xüsusilə, UFO-da tozun miqdarı o qədər böyükdür ki, o, qalaktikamızdan təxminən 50 dəfə çox işığı bloklayır. Ola bilsin ki, toz məhv olan ulduzların partlaması, metal hissəciklərin kosmosa atılması nəticəsində əmələ gəlir.

Ancaq bu qalaktikaların digərlərinə nisbətən niyə bu qədər çox toz ehtiva etdiyi hələ də sirr olaraq qalır. Tədqiqatçılar hesab edirlər ki, gələcək müşahidələr UFO-ların əmələ gəlməsi proseslərinə və onların ulduz təkamülünə işıq salmağa kömək edəcək.

Töhfə Səməd

tag: UFO, Qalaktika, Tədqiqatçılar, Ulduz,Kolorado Boulder, todaypress.az,