Şimpanzelərdə yeni insan xüsusiyyətləri aşkar edildi
Maraqlı
09.12.2024 18:55
Oksford Universiteti və Maks Plank Heyvan Davranışı İnstitutunun alimləri beynəlxalq tədqiqatçılarla əməkdaşlıq edərək insanlara xas olan unikal davranış xüsusiyyətlərinin insanlar və şimpanzelərin ayrılmasından əvvəl (Darvin nəzəriyyəsi) inkişaf edə biləcəyini aşkar ediblər.
TodayPress xəbər verir ki, araşdırma “PeerJ” jurnalında dərc olunub.
Tədqiqat üçün elm adamları Bossou meşəsində (Qvineya) vəhşi şimpanzelərin uzun illər ərzində apardığı videomüşahidələrin məlumatlarından istifadə ediblər.
Müəyyən olunub ki, şimpanzelər öz hərəkətlərini struktur olaraq insanlarınkinə bənzər mürəkkəb ardıcıllıqla təşkil edə bilirlər. Bu qabiliyyət davranışın iyerarxik seqmentasiyasını və uzaq elementlər arasındakı əlaqələrin dərk edilməsini əhatə edir.
Məlum olub ki, şimpanzelər insan davranışının strukturuna bənzəyən ardıcıl hərəkətlər arasında əlaqə nümayiş etdirirlər. Yetkin şimpanzelərin yarısı, zamanla ayrılmış hərəkətləri əlaqələndirmək qabiliyyətini nümayiş etdirib ki, bu da onların hərəkətlərini yol boyu planlaşdırmaq və tənzimləmək bacarıqlarını göstərir.
Tədqiqat müəllifləri belə nəticəyə gəliblər ki, ardıcıl hərəkətləri çevik şəkildə təşkil etmək qabiliyyəti, ehtimal ki, insanların və şimpanzelərin ortaq əcdadında yaranıb və homininlərdə daha da inkişaf etdirilib.
Töhfə Səməd
tag: Sturuktur ,Şimpanze ,Çevik,Ardıcıl, todaypress.az,