Şəki “İpək Yolu” XIII Beynəlxalq Musiqi Festivalına start verildi
Maraqlı
05.07.2024 20:21
İyulun
5-də Azərbaycanın qədim sənət və mədəniyyət mərkəzlərindən olan Şəkidə növbəti
musiqi bayramına - Şəki “İpək Yolu” XIII Beynəlxalq Musiqi Festivalına start
verilib.
Mədəniyyət
Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin
birgə təşkilatçılığı ilə reallaşan və üç gün davam edəcək musiqi bayramında bir
sıra ölkələrin, eləcə də Azərbaycanın tanınmış musiqi kollektivləri, istedadlı
musiqiçilər iştirak edirlər.
TodayPress xəbər verir ki,
festivalın proqramına uyğun olaraq, iyulun 5-də Şəki şəhərindəki “Yuxarı
Karvansaray” mehmanxana kompleksində musiqisevərlərə ilk konsert proqramı təqdim
olunub. Rusiya Federasiyasının Tatarıstan Respublikasından olan bayan ifaçısı
Aydar Salaxovun çıxışı tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Konsertin
əvvəlində məlumat verilib ki, Aydar Salaxov xalq alətləri üzrə keçirilən bir
çox nüfuzlu müsabiqələrin laureatıdır. Musiqiçilər ailəsindən olan və iki
yaşında bayanı mənimsəməyə başlayan ifaçı Moskva Dövlət Musiqi İnstitutunun
Musiqi Kollecinin və Qnesinlər adına Rusiya Musiqi Akademiyasının məzunudur.
Qeyd
olunub ki, A.Salaxovun ifası ilk notdan axırıncı nota kimi, səmimiliyi və alətdə
mükəmməl ustalığı ilə tamaşaçıları valeh edir. Sənətkarın repertuarına müxtəlif
konsert proqramları, o cümlədən özünün bəstələdiyi orijinal musiqi, caz,
klassik əsərlər, məşhur melodiyaların aranjimanları daxildir.
A.Salaxov
V.Spivakov, B.Berezovski, Y.Başmet, K.Bodrov kimi məşhur musiqiçi və bəstəkarlarla
əməkdaşlıq edib. O, K.Serebrennikovun “Petrovlar qripdə” filminin musiqisinin
müəllifidir. Almaniya, İspaniya və Rusiyada keçirilən beynəlxalq müsabiqələrin
qalibi olub. 2018-ci ildə o, “Musiqi üslublarından kənarda” adlı ilk albomunu
yazdırıb. Aydar Salaxov “Elegato” triosunun yaradıcısı, Moskva Dövlət Akademik
Filarmoniyasının solisti kimi, Rusiya, Almaniya, Çin, Yaponiya, İspaniya,
Finlandiya və digər ölkələrin ən böyük konsert salonlarında solo konsertlər
verib.
Konsert
musiqisevərlər tərəfindən maraqla qarşılanıb.
Sonda
ifaçıya festivalın xatirə hədiyyəsi təqdim olunub.
Festivalın təntənəli açılış mərasimi ayın 5-də olacaq.
tag: Şəki, Musiqi festivalı, “İpək Yolu” , “Yuxarı Karvansaray”, todaypress.az,