Qüdsdə yeni arxeoloji kəşf: İsa Məsihin dəfn yeri ilə bağlı izlər tapıldı
İllərdir davam edən müzakirələrə baxmayaraq, İsa Məsihin çarmıxa çəkildiyi və dəfn edildiyi yerin dəqiq yeri hələ də tam təsdiqlənməyib. Lakin İtaliyanın Sapienza Roma Universitetindən olan arxeoloqların yeni kəşfi bu məsələyə aydınlıq gətirə bilər.
TodayPress xəbər verir ki, bu barədə “New York Post” yazıb.
Tədqiqatçılar Qüdsdə yerləşən Müqəddəs Qəbir kilsəsinin ərazisində eramızın 33-cü ilinə aid olan bitki qalıqları aşkar ediblər. Bu, İncilin Yəhya bölümündə təsvir olunan bağ, yəni İsanın çarmıxa çəkildiyi yerin yaxınlığındakı yeni qəbirin yerləşdiyi ərazi ilə uyğunluq təşkil edir.
Arxeoloji ekspedisiyanın rəhbəri Françeska Romana Stasolla bildirib ki, “bu yaşıl ərazi”nin müəyyənləşdirilməsi, İncilin 19:41 ayəsində qeyd edilən bağla uzlaşır:
“O yerdə, harada ki, İsa Məsih çarmıxa çəkildi, orada bir bağ var idi və bağda hələ heç kəsin dəfn olunmadığı yeni bir qəbir vardı.”
Qrup həmçinin həmin ərazidə mərmərdən hazırlanmış qədim qəbir tikililəri də aşkarlayıb. Onların İsa Məsihin dəfnində iştirak etdiyi bildirilən İosif Arimateyalının məkanına aid olduğu ehtimal edilir. Hazırda bu mərmərlərin mənşəyi və tikinti materiallarının tərkibi üzərində geoloji analizlər aparılır.
Stasolla qeyd edib ki, araşdırmalar Müqəddəs Həftə və Pasxa bayramı müddətində müvəqqəti olaraq dayandırılıb və aprelin sonlarında yenidən başlayacaq:
“Hazırda yalnız şimal keçidinin bir hissəsi üzərində qazıntılar aparıla bilər.”
Arxeoloq əlavə edib ki, bu işin əsl dəyəri yalnız tapılan fiziki qalıqlarda deyil:
“Biz burada sadəcə maddi artefaktları deyil, insanların buraya necə inandığını və bu məkanı necə formalaşdırdığını aşkarlayırıq".
Bu kəşflər təkcə Müqəddəs Qəbir kilsəsinin mümkün tarixi etibarlılığını təsdiqləməklə kifayətlənmir, həm də onun əsrlər boyu daşıdığı dini və mədəni əhəmiyyətini yenidən gündəmə gətirir.
Qiymət Mahir
tag: Qüds,Arxeoloq,Kəşf,İsa Məsih,Araşdırma,todaypress.az,