Qışda buğda, yayda xalça tarlası
Maraqlı
11.07.2024 15:54
Türkiyənin Antalya bölgəsi fərqli adəti ilə diqqət cəlb edir. Belə ki, hər il buğda biçinindən sonra boş qalan yüzlərlə hektar sahəyə minlərlə əldə toxunma xalça döşənir.
TodayPress xəbər verir ki, bu barədə “Haber Türk”ün hazırladığı reportajda qeyd olunub.
Müxtəlif rəng və naxışlarda toxunan yun xalçalar yüzlərlə hektar yerə sərilir və günlərlə günəş altında saxlanılır. Türkiyənin demək olar ki, hər yerindən xalçalar daha geniş əraziyə və günəşli günlərə sahib olduğuna görə Antalyaya göndərilir.
Bu adətin isə özünəməxsus səbəbi var. Belə ki, xalça və kilim ticarəti ilə məşğul olan müəssisələrin anbarlarında saxlanan məhsullarda qışda rütubət səbəbindən bakteriya və həşərat sürfələri toplanır. Qızmar günəş altında bu zərərvericilərdən təmizlənən xalçalar, həm də yenidən öz canlı rəngini geri qazanır. Günəş vannası səhər tezdən başlayır və gün batana qədər davam edir.
Qeyd edək ki, bu prosesə sentyabr ayında yekun vurulur.
Töhfə Səməd
tag: Buğda, Türkiyə, Xalçalar, Antalya, Ticarət, todaypress.az,