Qədim skripka rekord qiymətə satılacaq
Maraqlı
04.02.2025 19:40
Dünyanın ən mahir skripka ustası kimi tanınan italyan Antonio Stradivarinin 1714-cü ildə hazırladığı skripka fevralın 7-də Nyu-Yorkda (ABŞ) “Sotheby's” hərracına çıxarılacaq.
TodayPress xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.
İlkin proqnozlara görə satışa çıxarılacaq skripka indiyə qədər hərracda satılan ən bahalı musiqi aləti ola bilər.
Stradivarinin skripkanı sənətkarlığının Qızıl dövründə hazırladığı və onun yaradıcılığının zirvəsi olduğu vurğulanıb.
Hərrac evi müvafiq olaraq skripkanın dəyərini təqribən 25 milyon (42.5 milyon manat) dollar qiymətləndirib.
Skripka onun əvvəlki iki sahibinin və virtuoz musiqiçilərin - Cozef Yoahim və Si-Hon Manın şərəfinə "Joachim-Ma Stradivarius" adlandırılıb.
Si-Hon Ma skripkanın sonuncu sahibi olub və 2009-cu ildə ölümündən sonra əfsanəvi musiqi aləti Yeni İngiltərə Musiqi Konservatoriyasına (Boston, ABŞ) hədiyyə edilib.
Qeyd edək ki, hazırda tarixin ən bahalı musiqi aləti digər bir “Stradivarius” skripkasıdır. 2011-ci ildə hərracda 15,9 milyon(27 milyon manat) dollara satılan musiqi aləti 1721-ci ildə hazırlanıb.
Nicat Osman
tag: Antonio Stradivarin,skripka,Nyu-York,ABŞ,hərrac,todaypress.az,