Qədim məbəd aşkarlandı
Taylandda dəmir yolu tikintisi zamanı 1000 illik qədim məbədin qalıqları aşkar edilib.
TodayPress xəbər verir ki, bu barədə yerli “Thaiger” nəşri məlumat yayıb.
Bildirilib ki, Pxayao əyalətində yeni dəmir yolunun çəkilişi zamanı aparılan torpaq işləri zamanı mühəndis və fəhlələr qədim artefaktlara rast gəliblər.
Martın 24-də aşkarlanan tapıntılar arasında lotus qönçəsini xatırladan sütun bəzəkləri, kərpic parçaları və hündürlüyü 2 metr olan yeddi mərtəbəli pagoda yer alıb.
Tapıntı barədə dərhal Taylandın Gözəl Sənətlər Departamentinə məlumat verilib və ərazi potensial talançılardan qorunmaq üçün nəzarətə götürülüb.
Yerli icma isə bu nadir tapıntının bölgəyə turist axınını artıracağını ümid edir.
Hazırda pagoda və digər artefaktlar təhlil və mühafizə üçün ərazidən çıxarılıb.
Arxeoloqların ilkin qiymətləndirməsinə əsasən, tikilinin yaşı təxminən 1000 ilə yaxındır.
Qiymət Mahir
tag: Tayland,Qədim,Məbəd,Paqoda,Todaypress.az,