Pompeydə nadir heykəllər tapıldı

Maraqlı

04.04.2025 13:45

2179

İtaliyanın qədim Pompey şəhərində aparılan qazıntılar zamanı demək olar ki, normal ölçüdə olan kişi və qadın heykəlləri aşkar edilib.

TodayPress xəbər verir ki, bu barədə “CNN” arxeoloji parka istinadla məlumat yayıb.

Arxeoloqlar bildiriblər ki, mərmərdən hazırlanmış bu dəfn heykəlləri, eramızın 79-cu ilində Vezuvi vulkanının püskürməsi nəticəsində məhv olan şəhərdə qadın kahinələrin malik olduğu gücə dair yeni ipucları verir.

Tapıntı şəhərin Porto-Sarno qapısı yaxınlığında yerləşən böyük qəbir kompleksində aşkarlanıb.

Qadın fiquru yanında dayanan kişi heykəlindən bir qədər hündürdür.

Qadının üzərində zərif sırğalar, bilərziklər, üzük və aypara formalı asmalı boyunbağı var.

Mütəxəssislərin fikrincə, bu zinət əşyaları məhsuldarlıq, kənd təsərrüfatı və analıq münasibətləri ilahəsi Ceresin kultuna xidmət edən kahinələrə məxsus üslubu əks etdirir.

Arxeoloji Parkın açıqlamasında qeyd olunur ki, “lunula” adlanan aypara formalı asma qadınlar tərəfindən doğulduqları andan evliliyə qədər bəd nəzər və pis ruhlardan qorunmaq üçün taxılırdı.

Elmi məqalədə isə vurğulanır ki, aypara simvolunun həm də yer məhsuldarlığı, bolluq və ay fazalarına bağlı yenilənmə kimi ibtidai mənaları mövcud olub.

Qadın fiqurunun tunikası plaşla örtülüb və əllərində papirus rulosu və dəfnə yarpaqları tutur.

Bu əşyalar dini mərasimlər zamanı məbədləri təmizləmək və bərəkət diləmək üçün istifadə edilirdi. Pompey şəhəri 79-cu ildə baş verən vulkan fəlakətindən sonra kül və vulkanik şüşə qatı altında qalıb.

Arxeoloqlar burada 1700-cü illərdən bəri davamlı qazıntı işləri aparırlar. Hazırda qazıntılar “Pompeydə ölüm arxeologiyası” adlı tədqiqat layihəsi çərçivəsində davam etdirilir.

Layihə 2024-cü ilin iyulunda İspaniyanın tanınmış arxeoloqu Llorens Alapon tərəfindən Valensiya Universiteti və Pompey Arxeoloji Parkı ilə əməkdaşlıqla başladılıb.

Qeyd olunur ki, qazıntı aparılan ərazi ilk dəfə 1998-ci ildə Neapol dəmir yolu xəttinin çəkilişi zamanı aşkar olunub. İndiyə qədər burada 50-dən çox kremasiya məzarı müəyyən edilib. 

Qiymət Mahir

tag: İtaliya,Pompey,Qədim ,Heykəl,Todaypress.az,