Nitq 135 min il əvvəl inkişaf etmiş ola bilər
Alimlər insan əcdadlarının nitqdən nə vaxt istifadə etməyə başladığını araşdırıblar.
TodayPress xəbər verir ki, bununla bağlı Massaçusets Texnologiya İnstitutunun (MIT) alimləri araşdırma aparıblar.
Araşdırmaya görə, insanlar danışıq qabiliyyətini 135 min ildən çox əvvəl inkişaf etdiriblər.
Alimlər öz işlərində son 18 il ərzində dərc edilən 15 genetik tədqiqatın məlumatlarını təhlil ediblər.
Onlar insan əcdadlarının DNT-sindəki dəyişikliklər haqqında məlumatlara xüsusi diqqət yetiriblər.
Alimlər bildiriblər ki, ən erkən genetik bölünmə təxminən 135 min il əvvəl, Cənubi Afrikada yaşayan və “klik” dillərindən istifadə edən bir qrup Xoysan xalqı yarandığı zaman baş verib.
Qeyd olunur ki, nitq qabiliyyətinin yaranması insanların dərhal sözlərlə ünsiyyət qurmağa başlaması demək deyil. Əvvəlcə daxili düşüncə sistemi inkişaf edib, daha sonra o, ünsiyyət vasitəsinə çevrilib.
Nitqin təkamülünün mühüm mərhələsi təxminən 100 min il əvvəl baş verən mədəni sıçrayış olub.
Bu dövrdə insanlar dəvəquşu yumurtalarında qabıqlı zinət əşyaları və həndəsi naxışlar kimi simvolik əşyalar yaratmağa başlayıblar.
Bu arxeoloji tapıntılar göstərir ki, nitqin inkişafı təkcə ünsiyyətə deyil, həm də insanların düşüncəsinə təsir göstərib.
Alimlər qeyd ediblər ki, insan dili sözlərdən və qrammatik strukturlardan istifadə edərək mürəkkəb fikirləri ifadə etmək qabiliyyətinə görə unikaldır və heyvanlar bunu edə bilməz.
Dilin tam olaraq isə necə inkişaf etdiyi sualı cavabsız qalıb.
Türkan İsgəndərli
tag: Nitq,Araşdırma,Alimlər,Arxeoloji tapıntı,todaypress.az,